Vasif Talıbovun gedişi bütün hallarda labüd idi. İndi onun gedişindən sonra muxtariyyatımızın əhalisini, coğrafiyasını və vaxtilə orada işlədiyim üçün indiyə qədərki idarəçiliyini az-çox tanıyan şəxs kimi Naxçıvanda bundan sonra nə ola biləcəyi üzərində düşünürəm...
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Muxtariyyatın taleyi yenə oradakı köhnə komanda üzvlərindən kiminsə əlindəmi olacaq?
Naxçıvanı lazımınca tanımayan kiminsə ümidinəmi qalacaq?
30 il talançı bir dəstənin üzündən inamı qırılmış yüz minləri ovundurmaq, könüllərini almaq üçün nələr ediləcək?
1997-ci ildə Ali Məclisdən niyə istefa etdiyimi və onun əsil səbəbləri üzərində bir daha düşündüm, qənaətə gəldim ki, 25 il əvvəl bu addıma məcbur edilsəm də, düzgün etdim...
Şəxsi planda böyük məşəqqətlər yaşasam da, 27 illik rejimin yüz minlərlə naxçıvanlıya etdiyi nəhayətsiz pisliklərin məsuliyyətindən həqiqətən uzaq olmaq lazım idi...”
Tahir TAĞIYEV