Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan parlamentin növbədənkənar sessiyasında rəsmi olaraq topu Rusiyanın üzərinə atıb. A.Qriqoryan bəyan edib ki, Laçın yolunda baş verənlərə görə Rusiya məsuliyyət daşıyır:
“Laçın dəhlizinin əsas məsuliyyəti Rusiya Federasiyasının üzərinə düşür. Rusiya Federasiyası Laçın dəhlizinə görə məsuliyyət daşıyır. Noyabrın 9-da verilən açıqlama ilə Laçın dəhlizinin məsuliyyəti Rusiya Federasiyasına verilib. Mən müxalifəti bu istiqamətdə işləməyə çağırıram ki, Rusiya Federasiyası üzərinə düşən öhdəlikləri yerinə yetirsin və nəqliyyatın fasiləsiz fəaliyyətini təmin etsin”.
Burada diqqəti çəkən məqam odur ki, erməni rəsmiləri müxalifətə bu yöndə Rusiyaya təzyiq etməyə çağırış edirlər. Halbuki, Ermənistandakı parlament müxalifəti Rusiyanın emissarı rolunda çıxış edir, Rusiyanın maraqlarını hər vəchlə qorumağa çalışır.
“Sözügedən məsələdə, ümumiyyətlə, müxalifət hökumətin tərəfinə keçməyəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna birmənalı prizmadan yanaşmadı: “Ermənistanda hakimiyyətin əsas siyasəti anti-Rusiya mövqeyini inkişaf etdirmək və bütövlükdə cəmiyyəti buna hazırlamaqdir. İllərdir bu, müxtəlif formada özünü göstərir. Söhbət 2018-ci ildə Ermənistanda baş verən hakimiyyət dəyişikliklərdən sonra gedən proseslərdən gedir. Məsələ ondadır ki, Baş nazir Nikol Paşinyan məhz Laçın yolunda baş verənlərlə bağlı prosesdən istifadə edib, müxalifəti Rusiyanın üzərinə qaldırmağa çalışır. Onları fakt qarşısında qoymağa çalışır ki, rəsmi İrəvanın prosesə birbaşa müdaxilə etmək imkanı yoxdur. Bütün məsuliyyət Rusiyanın üzərinə düşür. Çünki Laçın yolunda nəzarət rus sülhməramlıların əlindədir. A. Qriqoryanın belə açıqlama ilə çıxış etməsi sırf Paşinyanın təlimatıdır. Göründüyü kimi, onların məqsədi problemlərin həlli deyil, bundan da öz siyasi məqsədləri üçün istifadə etməkdir. Paşinyan hakimiyyətinin belə siyasi manevrləri həm də ictimai rəyə hesablanıb. Çünki prosesin uzanması nəticə etibari ilə Paşinyanın nüfuzuna mənfi təsir edir. Ona görə də məhz Rusiyanı bu məsələdə ittiham edərək ölkə daxilində əhalini anti-Rusiya hərəkatına qoşmaq hədəflənir. Çünki N. Paşinyan gələn il Rusiyanın layihələrindən çıxmağı planlayır. Artıq bununla bağlı ciddi informasiyalar var. Düşünürəm ki, İrəvanla Moskva arasında baş verənlər təkcə Laçın yolu ilə bağlı deyil. Bütövlükdə bu, iki ölkə arasında artmaqda olan böhranın bir təzahürüdür. Ancaq sözügedən məsələdə, ümumiyyətlə, müxalifət hökumətin tərəfinə keçməyəcək. Rusiya ilə əlaqələrini qoruyub saxlayacaq. Çünki Rusiya müxalifətin əsas dayağıdır. Ona görə də bunu düşünmürəm. Digər tərəfdən, Laçın yolunda proseslər birbaşa Ermənistan-Rusiya tandeminin Azərbaycana qarşı məkrli planlarının nəticəsidir. Rusiya da Ermənistan qədər günahkardı”.
Vidadi ORDAHALLI