Ermənipərəst konqresmenlərdən növbəti həyasız ağ yalan. Onlar hər zaman olduğu kimi, yenə oyundadılar. Laçın yolu ətrafında yaranan vəziyyətdən böyük şou düzəltməyə çalışırlar. Hər zaman olduğu kimi, bundan siyasi xal toplamağa cəhd edirlər.
Ermənipərəst konqresmenlər iddia edirlər ki, guya Qarabağda humanitar böhran artıq reallıqdır və bu səbəbdən ABŞ prezidenti Cozef Baydeni “Artsaxın” təhlükəsizliyini təmin etməyə kömək etməyə çağırıblar. Sözügedən məqsədlə Birləşmiş Ştatlar prezidentinə məktub ünvanlayıblar: “Bir çox xəstə hələ də risq altındadır. Əsas ehtiyatlar tükənmək üzrədir. Humanitar böhran artıq reallıqdır. Qarabağı Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizini Azərbaycanın qanunsuz blokadasına görə əziyyət çəkən minlərlə insanı dəstəkləyirik”.
Bunlar hansı “humanitar böhran”dan danışırlar? Bu necə blokadadır ki, humanitar məqsədlə maşınlar gedir-gəlir, zəruru vasitələr daşınır, xəstələrin çıxarılmasına şərait yaradılır?
“Qarabağ kartından ABŞ-dakı müəyyən siyasi dairələr də öz məqsədləri üçün istifadə etmək istəyir”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafayevin fikrincə, ermənipərəst konqresmenlərin Laçın yolu ilə bağlı hay-küy qaldırmaqda bir neçə məqsədi var: “Əvvəla, biz nəzərə almalıyıq ki, Ermənistandakı Paşinyan hakimiyyətini ABŞ müdafiə edir. Burada Ermənistanın haqlı və yaxud da haqsız olması elə bir önəm daşımır. Paşinyan da hakimiyyətini əlində saxlamaq üçün Qarabağ amilindən istifadə edərək ictimai rəyə təsir göstərir. ABŞ çalışır ki, Paşinyanı Rusiyanın təzyiqlərindən qorusun. Məsələnin birinci tərəfi budur. Məsələnin ikinci tərəfi odur ki, erməni lobbisi dünyanın aparıcı informasiya vasitələri ilə davamlı şəkildə işləyir. Məsələ ondadır ki, onların davamlı vay-şüvən salması istər-istəməz Konqresə və ictimai rəyə öz təsirini göstərir. Üçüncüsü, ABŞ Konqresində lobbiçilik fəaliyyəti qadağan deyil. Erməni diasporu, imkanlı şəxslər davamlı olaraq konqresmenləri himayə edir və daha sonra bundan öz məqsədləri üçün istifadə edirlər. Bu səbəbdən ermənipərəst konqresmenlər, fürsət düşən kimi, erməni maraqlarından çıxış edirlər. Dördüncüsü, ABŞ nəyin bahasına olursa-olsun Cənubi Qafqazda möhkəmlənmək istəyir. Bununla belə, Qarabağ kartından ABŞ-dakı müəyyən siyasi dairələr də öz məqsədləri üçün istifadə etmək istəyirlər. Konqresmenlərin Laçın yolu ilə bağlı yaratmaq istədiyi süni ajiotaj həm də bununla bağlıdır. Belə baxanda, Bayden Adminstrasiyası real həqiqəti yaxşı bilir. Yaxşı bilirlər ki, Qarabağda bir ovuc erməni yaşayır. Yəni ermənilərin iddia etdiyi kimi, 120 min ermənidən söhbət getmir. Sadəcə, bundan bir alət kimi istifadə edirlər. Təəssüf doğuran məqam həm də odur ki, biz informasiya siyasətimizi yaxşı qurmamışıq. Ermənipərəst konqresmenlərin ictimai rəyə təsirində bunun da rolu var. İnformasiya siyasətimizi ABŞ-da yaxşı qura bilsəydik, erməni yalanları bu qədər təsirə malik ola bilməzdi. Biz haqlı ikən haqsız duruma düşürük. Nəyin hesabına? Ermənilərin peşəkarlığı və hüdudsuz həyasızlığı hesabına”.
Bu baxımdan Əli Mustafayev onu da əlavə etdi ki, biz hələ də beynəlxalq ictimai rəydə öz mövqelərimizi yetərincə və peşəkarcasına müdafiə edə, informasiya siyasətimizi qura, həqiqətləri zamanında dünya ictimayətinə çatdıra bilmirik.
Vidadi ORDAHALLI