Baltikyanı ölkələrdən biri olan Litvanın son dövrlər anti-Azərbaycan kampaniyası aparmasının şahidi oluruq.
Bir müddət əvvəl Ermənistanla birgə tədbir təşkil edən Litva hökuməti indi də Şuşa-Xankəndi yolunda Azərbaycanın qeyri-hökumət təşkilatları təmsilçilərinin, ictimaiyyət nümayəndələrinin, ekofəalların, ekspertlərin keçirdiyi aksiyaya qara yaxmağa çalışır, təəssüf ki, həqiqəti görmək əvəzinə erməni toruna düşüb özünü kor yapalaq kimi aparır. Əlbəttə, bütün bunlar o ölkənin ermənipərəstliyindən, eyni zamanda da qeyri-obyektivliyindən, qeyri-səmimiliyindən, bir də ki, haqqımızı danmasından irəli gəlir. Litva hokuməti kaş arxaya dönüb tarixinə nəzər salaydı. Amma bunu hələ ki, etmək istəmir.
Ermənistanın, separatçıların çaldığı havaya qol qaldıran Litvanın bu davranışı Azərbaycan ictimiayyətində kəskin narazılıq doğurub.
“Fransa Əhmədiyyə Cəbrayılovun, Litva isə Çərkəz Süleymanovun haqqına xəyanət etdi”
Tanınmış sənətşünas, mədəniyyətşünas, tədqiqatçı-jurnalist Binnət Hümbətoğlu “Bakı-Xəbər”ə açıqlamasında rəsmi Vilnüsun davranışlarını kəskin tənqid edib. B.Hümbətoğlu bildirdi ki, Litvanın paytaxtı Vilnüsun faşist Almaniyasından azad olunmasında o dövrdə baş leytenant hərbi rütbəsi daşıyan Süleymanov Çərkəz Qaçay oğlu müstəsna rol oynayıb. “Ağdamın Xıdırlı kəndindən olan Çərkəz Süleymanov Vilnüsu faşist işğalından azad edərək bu şəhərin xilaskarı kimi tarixə düşüb. O, Vilnüsun fəxri vətəndaşı olub və adına orada məktəb olub. Hətta İkinci Dünya müharibəsindən sonra litvalı məktəblilər ona məktub yazırdılar və bildirirdilər ki, sizin adınızı daşıyan məktəbdə oxumaqdan qürur hissi keçiririk, sizi bizimlə görüşə dəvət edirik. Çox təəssüf edirəm ki, Litva hökuməti Vilnüsun xilaskarı olan Çərkəz Süleymanovun doğulduğu torpağı işğal edib viran qoyan Ermənistanın yanındadır. Çərkəz Süleymanov litvalıları faşizmdən xilas edib, amma Litva Xıdırlı kəndini viran qoyan erməniləri müdafiə edir. Xıdırlı kəndi onun kəndi idi. Rəsmi Vilnüs öz xilaskarını unudub, onun haqqı-sayını tapdayıb. Əgər Çərkəz Süleymanovun rəhbərlik etdiyi alay olmasaydı, indi nə Vilnüs vardı, nə də vilnüslülər. Onlar Azərbaycan xalqına minnətdar olmaq əvəzinə bu gün əyri yol tuturlar. Təsəvvür edin ki, Litva da Fransanın yolu ilə gedir. Fransa Əhmədiyyə Cəbrayılovun, Litva isə Çərkəz Süleymanovun haqqına xəyanət etdi. Bu isə o dövlətlərin, o xalqların simasını göstərir. Yəni ermənipərəstlik onlarda o qədər güclüdür ki, onlar öz fəxri vətəndaşlarını, xilaskarlarını unudurlar”.
Ç.Süleymanovun İkinci Dünya müharibəsidə böyük şücaətlər göstərdiyini deyən B.Hümbətoğlu bildirdi ki, o, Birinci, İkinci Böyük Vətən Müharibəsi ordeni, iki dəfə Kutuzov, iki dəfə Suvorov ordeni alıb, iki dəfə Qırmızı Bayraq ordeni alıb. B.Hümbətoğlu qeyd edir ki, Ç.Süleymanovun sənədləri Sovet İttifaqı Qəhrəmanı adı almaq üçün təqdim edilsə də, general həlak olduğu üçün sənədlər itib-batıb. “O, Vilnüsu azad edərkən də ağır yaralanıb. O bu şəhəri xilas etmək üçün çox böyük qəhrəmanlıq göstərib. Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin Ağdam rayon Komitəsinin sədri idi, mən də onun idarəsində təlimatçı işləyirdim, o mənim rəisim idi. Məni ilk dəfə olaraq o işə götürmüşdü… Mən çox istəyirəm ki, Litva geriyə boylansın, öz tarixinə nəzər salsın və xilaskarını yada salsın”-deyə B.Hümbətoğlu qeyd etdi.
İradə SARIYEVA