ABŞ, Rusiya, Fransa, Kanada, Polşa, Litva və digərləri Azərbaycana qəribə bir müraciət edirlər ki, Laçın yolunu açın... Guya yolu Azərbaycan bağlayıb...
Bu, nə deməkdir? Məgər bu ölkələr bilmir ki, yolu bağlayan da, açan da Azərbaycan deyil?.. Bilmirlər ki, bu yoldan Xankəndinə humanitar yüklər tam sürətlə daşınır və Azərbaycanın buna mane olmaq fikri heç vaxt olmayıb. Hələ də Azərbaycana o tip müraciətlər gəlir, baxmayaraq ki, humanitar yüklər sərbəst daşınır. Demək, o dairələr Xankəndinə humanitar yolun açıq olmasını Laçın yolunun açıq olması kimi qəbul etmir və istəyirlər ki, Xankəndiyə hərbi yüklərin və Xankəndidən talan edilmiş sərvətlərin daşınmasına da imkan verilsin, onların məntiqincə bax bu halda Laçın yolu açılmış sayılacaq...
Bilirsiniz, bu ölkələr niyə bu oyunları oynayır? Onlar 44 günlük müharibənin nəticələri ilə barışa bilmir, Azərbaycanın torpaqlarının azad edilməsinə imkan verməklə səhv etdiklərini indi başa düşüblər. Buna görə də Xankəndidə ermənilərin yaşayışı və təhlükəsizliyi ətrafında yeni hay -küy salaraq bu məsələni yenidən beynəlmiləlləşdirmək, bu əsasda bölgəmizdə möhkəmlənmək istəyirlər. Əlbəttə, Qərbin həqiqi demokratik, tərəfsiz və beynəlxalq hüquq normalarını əsas tutan kəsimi bölgəmizə gəlirsə, buna məmnun olardıq. Lakin bəla budur ki, oyunun içindəkilər Qərbin erməni lobbisinin təsirində olan kəsimidir, onun elə özüdür... Rusiyanın isə bu proseslərdə niyə iştirak etdiyinə ayrıca təhlil verəcəyəm.
Vətən müharibəsindən sonra bölgəmizdə gedən proseslərin məhz Azərbaycan və Türkiyə tərəfindən müəyyənləşdirilmiş ana xəttini dəyişmək istəyirlər. Ana xətt sərhədlərin müəyyənləşməsi və Azərbaycan-Ermənistan sülh sazişi imzalamaqdır. Ancaq deyilən qüvvələr Xankəndi ermənilərinin hüquq və təhlükəsizlik məsələsini beynəlxalq problemə çevirməklə onu bu Ana xətdən önə keçirməyə can atırlar…
Azərbaycanda hər kəs bilməlidir - Qarabağ münaqişəsinin yeni mərhələsini açmağa hazırlıq gedir. Torpaqlarımız bir dəfə də getsə(?) onu daha heç vaxt qaytarmaq mümkün olmayacaq. İlham Əliyevin strategiyasının ümdə hədəfi məhz bu təhlükəni indidən neytrallaşdırmaqdır...
Aydın QULİYEV