Erməni mətbuatının yazdığına görə, separatçıların “dövlət naziri” Ruben Vardanyan Ağdərə və Xocavənddə ermənilərlə görüşərək, təxribat xarakterli çıxışlar edib.
Vardanyan Azərbaycanın Laçın yolunu “bağlı saxladığı” bir şəraitdə Qarabağ ermənilərinin iki yolu olduğunu qeyd edib. Erməni oliqarx “ya təslim olmaq, ya da mübarizə, müharibə aparmaq” variantlarının olduğunu bildirib.
Bu cür avantürist çıxışlar məhz indiki məqamda Azərbaycana antiterror addımlarını atmağa əsas verirmi?
Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, müttəfiq dövlətimiz olan Rusiyanın vətəndaşı sayılan Ruben Vardanyanın gəlib bizim ərazimizdə özünü “nazir” etməsi dərin təəssüf hissi doğurur: “Böyük əksəriyyət belə sual verir: Rusiya niyə belə edir? Təbiidir ki, belə səviyyədə tanınan bir adam Rusiya siyasi hakimiyyətinin xeyir-duası olmadan bu gedişləri edə bilməz. Ondan əvvəl də bəziləri bu bölgəyə gəlib, bənzər fikirlər səsləndiriblər. Paşinyan da gəlib orada “Qarabağ Ermənistandır” deyirdi. Sonrası nə oldu? Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu onların başına “dəmir yumruğu” endirdi. Yəqin ki, yenə bunun zamanı çatıb. Oralarda pasport rejimi tətbiq etmək lazımdır. Bizim media gedib Xankəndi, Xoçalıdan reportajlar hazırlamalıdır. Həmin ərazilərdə yaşayan əhalimiz öz yerlərinə qayıtmalıdır. Yoxlamaq lazımdır ki, orada 1991-ci ilə kim yaşayıb. Biz yalnız bu kateqoriyadan olan adamlara vətəndaşlığımızı verə bilərik. Qalan separatçıları ərazimizdən qovmalıyıq. Müqavimət göstərənləri isə antiterror əməliyyatı ilə zərərsizləşdirməliyik. Vardanyan da bilsin ki, o bu cür çıxışlarına görə heç vaxt bizim ərazimizdə yaşamaq haqqına sahib olmayacaq. “Bayraqdara” tuş gəlib məhv olmasa, oranı ağlaya-ağlaya tərk edəcək”.
Ermənistan ordusunun Qarabağ müharibəsində məğlubiyyətindən və İrəvanın təslim olmasından sonra Azərbaycanın təbii sərvətlərindən qanunsuz istifadəsinə son qoyuldu. Vəziyyət yalnız bu payızda, erməni milyarder Ruben Vardanyan Qarabağda görünəndən sonra dəyişdi. Vardanyan Qərbin sanksiyalarından yayınmaq üçün Rusiya vətəndaşlığından imtina edərək Ermənistana qaçıb. Lakin bununla da kifayətlənməyərək, Qarabağda məhv olmaqda olan separatçı layihənin canlandırılmasında erməni millətçilərinə kömək vəd edərək Xankəndiyə köçüb. O, Laçın yolu ilə Azərbaycan sərhədini qanunsuz keçib. Məhz Vardanyan rus sülhməramlıların müvəqqəti yerləşdirildiyi zonada qızıl və mis-molibden filizinin çıxarılmasını və onun Ermənistanın sənaye obyektlərinə daşınmasını təşkil edir. Belə cinayətkarlar mütləq zərərsizləşməlidir.
Məhəmmədəli QƏRİBLİ