Son zamanlar Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov barədə müxtəlif şayiələr gəzir. Mətbuatda dərc olunan məlumatlara görə, o artıq istefa ərizəsi yazıb. Gəzən digər söz-söhbətlərdə isə bildirilir ki, Vasif Talıbov istefa ərizəsi yazmayıb, sadəcə məzuniyyətə çıxıb. Bu məzuniyyətin Azərbaycanın iri məmurlarına xas “gedər-gəlməz məzuniyyəti” ola biləcəyi də istisna edilmir.
Ancaq bizim əldə etdiyimiz məlumat bundan ibarətdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bir neçə gün bundan əvvəl axşam saatlarında Naxçıvandan uçan təyyarə ilə Bakıya gəlib. Vasif Talıbovun budəfəki səfəri xüsusi deyil, adi sərnişinlərin uçduğu reyslə reallaşıb. Onu cəmi bir nəfər müşayiət edib.
V.Talıbovun Bakıda kiminlə görüşəcəyi, nə məqsədlə gəldiyi haqda dəqiq məlumat yoxdur. Amma şübhəsiz ki, onun Bakıya gəlişi MR-dəki “fırtına” ilə bağlıdır. İstisna deyil ki, V.Talıbov Naxçıvanla əlaqədar qəbul olunmuş qərarlarla bağlı məlumatlandırılacaq.
Qeyd edək ki, Naxçıvanın bundan sonrakı idarəçiliyi ilə bağlı ciddi qərarların qəbul olunduğu haqda məlumatlar var. Bu qərarların yaxın günlərdə elan ediləcəyi gözlənilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ətrafında baş verən hadisələr, onun açıq şəkildə “vurulması” bu şəxsdən narazı olan adamları da fəallaşdırıb. Bəzi iddialara görə, həmin adamların bir çoxu Talıbova qarşı vahid cəbhədə birləşib, işləri planlı şəkildə həyata keçirməyə başlayıblar.
Onlar arasında iri məmurlar da var. Qeyd edək ki, Talıbov elə son illərdə bir neçə yüksək vəzifəli şəxsi həbs etdirib.
Vasif Talıbov Naxçıvanda yoxdursa, hazırda Muxtar Respublika kim tərəfindın idarə olunur?
Naxçıvan Konstitusiyasına görə, Ali Məclisin sədri istefa verdikdə, yaxud öz vəzifələrini icra edə bilmədikdə Ali Məclisə sədrin birinci müavini, o da olmadıqda müavini rəhbərlik etməlidir. Hazırda Ali Məclis sədrinin iki müavin vəzifəsi var. Birinci müavin Azər Zeynalov hazırda Ali Məclisdə çalışır. Digər müavin vəzifəsi isə boşdur. Yəni Vasif Talıbovdan sonra Naxçıvana Azər Zeynalov rəhbərlik etməlidir. Ancaq Azər Zeynalovun hazırkı reputasiyası buna imkan vermir. Onun Naxçıvanda korrupsiya mexanizminin “qara qutusu” olduğu bildirilir. Hətta yerli sakinlərin yazdıqları şikayətlərdən görünür ki, Azər Zeynalovun o vəzifədə qalması doğru deyil. İcra qurumuna rəhbərlik edən MR-in baş naziri də tam oyundankənar vəziyyətdədir. Məlum olduğu kimi, Naxçıvandakı bəzi nazirlik və komitələr ləğv edilərək Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına birləşdirilib. Deyilənə görə, bu struktur islahatı davam edəcək. Artıq Naxçıvanın Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsi ləğv edilərək baş idarələr yaradılıb. Məlumatlı mənbələr iddia edir ki, hazırda Naxçıvanın idarəçiliyi birbaşa Bakıdan həyata keçirilir. Hazırda belə göstərişlər paytaxta bilavasitə tabe etdirilən və digər mühüm qurumlara birbaşa paytaxtdan verilir.
Bildirilir ki, Muxtar Respublikada aparılan araşdırmaları dərinləşdirmək, hakimiyyətin nəzarətini gücləndirmək üçün Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsinin təyin edilməsi gözlənilir. Yeni ilə kimi belə bir təyinatın reallaşacağı qeyd olunur.
Bununla yanaşı, Vasif Talıbovun könüllü istefa verə biləcəyinin mümkünlüyü də bildirilir. Belə olan təqdirdə, Naxçıvan Ali Məclisinin 45 deputatından biri müvəqqəti olaraq Ali Məclisə rəhbərlik funksiyasını öz üzərinə götürə bilər.
İstənilən halda bu nəticəyə gəlirik ki, Naxçıvan çox ciddi yenilənməyə qədəm qoyub.
Məhəmmədəli QƏRİBLİ