Blokada ilə bağlı dezinformasiyanın əksinə olaraq, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nəqliyyat vasitələri və erməni təcili yardım maşınları Laçın yolundan sərbəst keçir.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Tvitter hesabında bildirib.
"Belə hallar gün ərzində bir neçə dəfə təkrarlanır. Blokada ilə bağlı iddialar yalandır", - deyə pyalşımda qeyd edilib.
Qeyd edək ki, bu gün Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) 1 xəstənin həkim və tibb bacısının müşayiəti ilə Xankəndidən Ermənistana aparılması üçün Azərbaycana tərəfinə müraciət edib.
Aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.
Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus humanitar avtomobil və təcili yardım maşını, rus sülhməramlılarından birinin ailə üzvlərinin olduğu avtomobil, eləcə də Rusiya sülhməramlılarına məxsus 10-dan artıq təminat avtomobili də aksiya keçirilən ərazidən maneəsiz keçiblər.
Qeyd edək ki, Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri Rusiya sülhməramlılarının Şuşa şəhəri yaxınlığındakı postu yanında etiraz aksiyası keçirirlər. Onlar azərbaycanlı mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.