ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistan baş naziri Nikol Paşinyanla görüşü keçirilib. Blinken Twitter hesabında görüş barəsində bunları yazıb: “Nyu Yorkda BMT Baş Assambleyasında Ermənistan baş naziri Nikol Paşinyanla yaxşı görüş keçirdik. Ermənistanın təhlükəsizliyini müzakirə etdik. Tərəfləri sülh prosesi ilə məşğul olmağa çağırmağa davam edirik, belə ki, münaqişənin hərbi həlli ola bilməz. Məsələnin hərb yolu ilə həlli qəbuledilməzdir”.
Madam ki, ABŞ hərb yolunu qəbul etmir, o zaman niyə Paşinyandan götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb etmir? Halbuki, artıq 2 ildir Paşinyan bilərəkdən üzərinə götürdüyü öhdəlikləri həyata keçirməkdən imtina edir. Müxtəlif vasitələrlə bundan yayınır. Birləşmiş Ştatlar 10 noyabr razılaşmasını Rusiya təşkil edib deyə yaxın durmur. Bəs Brüsseldəki razılaşmalara niyə yaxın durmur?
“Böyük dövlətlərin maraqları Cənubi Qafqazda toqquşur”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov ABŞ-ın belə siyasət yeritməsini bir sıra amillərlə əlaqələndirdi: “ABŞ-ın mövcud problemin həlli məqsədilə irəli surduyu təkliflər onun bölgə ilə bagli geosiyasi maraqlarindan irəli gəlir. Eyni zamanda, dolayısı yolla da olsa, Azərbaycanın suverenliyini təhdid edir. Azərbaycanın dövlət başçısının ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpa olunmasının yolverilməzliyi ilə bağlı açıqlamalarının fonunda ABŞ numayişkaranə şəkildə bu institutda özünün yeni həmsədrini təyin edir. Və məhz bu institutun vasitəçiliyi ilə Qarabağın gələcək müqəddəratının müəyyən edilməsi ilə bağlı danışıqların bərpa edilməsi mövqeyindən çıxış edir. Bu mövqe Ermənistan iqtidarının mövqeyi ilə ust-ustə düşür və Azərbaycanın daxili işinə bilavasitə müdaxildir. ABŞ-dan fərqli olaraq, Rusiya Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır və Minsk formatının bərpa edilməsinə ciddi ehtiyac görmür. Bu isə daha çox rəsmi Bakını qane edən mövqedir. ABŞ nəqliyyat kommunikasiya xətlərinin açılması ilə bağlı Moskva razılaşmasında əksini tapmış məsələlərə münasibətdə də rəsmi Bakını qane etməyən mövqe sərgiləyir. Hətta qəribədir ki, onun Zəngəzur dəhlizinin perspektiv müqəddəratı ilə bağlı məsələyə mövqeyi rəsmi İranın mövqeyi ilə üst-üstə düşür. Bu dəhlizin açılması isə təkcə bizim və Türkiyənin deyil, hətta Çinin maraq dairəsində olan məsələdir. Məhz buna görədir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən iclasında Azərbaycan prezidenti Çin rəhbəri Si Tsinpin tərəfindən qəbul olundu. Deməli, münaqişə və onun yeni geosiyasi reallıqları yeni dünya nizamı ilə bağlı qarşı-qarşıya duran tərəflərin maraq dairəsində olan məsələdir. Tərəflərin mövqelərində olan qarşıdurmalar da yeni dünya nizamı ilə bağlı məlum layihələrə fərqli yanaşmalardan irəli gəlir”.
Politoloq hesab edir ki, məhz bu səbəbdən böyük dövlətlərin maraqları Cənubi Qafqazda toqquşur.
Vidadi ORDAHALLI