2020-nin oktyabrında tərxis edilməli əsgərlərimiz hələ buraxılmayıb - şayiələr baş alıb gedir…

img

2020-ci ilin oktyabr ayında hərbi xidmətdən tərxis edilməli olan əsgərlər hələ evə buraxılmayıb. Buna səbəb kimi sentyabr ayının 27-də Vətən müharibəsinin başlanması göstərilir. Maraqlı məqam odur ki, yanvar ayında da tərxis prosesi həyata keçirilmədi.

Bu isə özlüyündə müxtəlif ehtimalların ortaya çıxmasına şərait yaradır. Cəmiyyətdə dolaşan şayiələrə görə, hərbi xidmət müddəti ali təhsilli şəxslər üçün 1,6, orta təhsillilər üçün isə 2 il olacaq.

 “Belə olsaydı, qanunvericiliyə dəyişiklik təşəbbüsü ilə çıxış edilərdi və həqiqi hərbi xidmətin müddəti rəsmən uzadılardı”

Hərbi ekspert Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə şayiələrin heç bir ciddi əsası yoxdur:  “Ölkədə müddətli hərbi xidmətə çağırış və ordudan tərxis olunma Prezidentin fərmanına əsasən həyata keçirilir. Orduda həqiqi hərbi xidmətin müddəti isə qanunvericiliklə müəyyən olunub. Bilirsiniz ki, bu, ali təhsillilər üçün bir il, orta təhsilli çağrışçılar üçün isə 1 il 6 ay müəyyən edilib. Belə bir gecikmə bir çağırış müddətilə bağlı var. Bu da müharibə dönəminə təsadüf etdiyi üçün olub. Çünki səfərbərlikdən də çoxlu sayda əsgər və zabit cəlb edilmişdi. Onların buraxılması xeyli vaxt aparır. Burada sənədləşmə işləri və sair prosedurların nəzərə alınması vacibdir. Bir çağırışla bağlı tərxis müddətinin gecikməsi heç də bundan sonra da belə olacağını deməyə əsas vermir. Belə olsaydı, qanunvericiliyə dəyişiklik təşəbbüsü ilə çıxış edilərdi və həqiqi hərbi xidmətin müddəti rəsmən uzadılardı”.

Məhəmmədəli QƏRİBLİ

 

 

Son xəbərlər