Ermənistandakı 102-ci bazanı Zəngəzura köçürmək planları - İrəvanda etirazlar, Bakıda şübhələr…

Qabil Hüseynli: “Azərbaycana yönəlik sırf psixoloji təzyiq xarakteri daşıyır”

img

Ermənistanda fəaliyyət göstərən Rusiyanın 102-ci hərbi bazasının müəyyən hissələrinin ölkənin şərqinə keçirilməsi məsələsi İrəvanla Moskva arasında müzakirə olunur. Bunu Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya mətbuatına müsahibəsində deyib. O bildirib ki, hazırda həmin məsələ ilkin müzakirə mərhələsindədir və gələcəkdə bu baş verə bilər. Nazir əlavə edib ki, son dövrlərdə ölkədə fəaliyyət göstərən rusiyalı sərhədçilərə əlavə funksiyalar da verilib.

Qeyd edək ki, Gümrü şəhərində yerləşən 102-ci hərbi baza Ermənistan-Türkiyə sərhədinin təhlükəsizliyinə nəzarət edir. Bu hərbi bazanın qüvvələrindən bir hissəsini ölkənin şərqində, yəni Zəngəzurda, Azərbaycanın Qubadlı və Zəngilan rayonları ilə həmsərhəd bölgədə yerləşdirmək planları İrəvanda etirazla qarşılanıb. Müxalifət bunu Ermənistanın suverenliyini məhdudlaşdıracaq addım kimi dəyərləndirib. Rusiya bu dislokasiya ilə hansı məqsədi güdə bilər?

Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, rusların postsovet  məkanında jandarm rolunu davam etdirmək istəyinin göstəricilərindən biridir: “Onlar Azərbaycanla sərhədə öz  hərbçilərini yerləşdirmək istəyirlərsə, bunun çox uzağa gedən məqəsədləri ola bilər. Hətta ola bilsin ki, 102-ci baza yerində qalsın, həmin sərhəddə başqa bir hərbi hissəni gətirib yerləşdirsinlər. Azərbaycana yönəlik sırf psixoloji təzyiq xarakteri daşıyır. Sabah Azərbaycan Dağlıq Qarabağda ərazi bütövlüyünün tam təmin edilməsi istiqamətində addımlar atmağa başlasa, onlar birmənalı şəkildə ermənilərə kömək edəcəklər. Ruslar bəyan ediblər ki, Ermənistan ordusunun yenidən qurulmasına dəstək olacaqlar. Adama deyərlər ki, sənin nə borcuna qalıb Ermənistan ordusunu yenidən qurasan? Onların qulağına səs dəyib ki, Türkiyə Azərbaycan ərazisində baza yarada bilər. Bu məsələ onları narahat edib. Ruslar bunu NATO-nun Azərbaycana gəlişi kimi şərh edir. Onların mətbuatında buna qarşı adekvat addımların atılmasının zəruriliyi vurğulanıb. Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün qardaş ölkədən hərbi yardım ala bilər. Bunu NATO ilə əlaqələndirmək rus fantaziyasının məhsuludur. Bölgədəki bütün problemlərin başında Rusiya durur. Onlar imkan vermir ki, qonşu xalqların özləri normal yaşamağın yollarını tapsınlar. Ermənilərin arxasında rus durursa, onunla hansı konstruktiv danışığı aparmaq olar?”

Politoloq hesab edir ki, Rusiya bu məsələdə tam neytrallığını qorumasa, vəziyyət hər an dəyişə bilər.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər