Jurnalist olmayan "vəsiqə gəzdirən jurnalistlər" - Media Agentliyinin direktoru köhnə ağır problemi yenidən gündəmə gətirdi

Azər Həsrət: “Yaxşı olar ki, sırf jurnalistika ilə məşğul olan şəxslərin vahid reyestri formalaşdırılsın”

img

“Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük bir narahatlıq keçirirlər”. Bunu  Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov “Real TV”yə müsahibəsində deyib.

O qeyd edib ki, jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma, indiki halda, onların jurnalist olub-olmamasını müəyyən etmək mümkün deyil. Ona görə də jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifləri ilə çıxış edə bilərik və “Media haqqında” qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik”.

  • “Vahid vəsiqənin ölkə insanlarının aldadılmasının, jurnalistikadan sui-istifadənin qarşısının alınmasında xüsusi rolu olacaq”

Jurnalistlər üçün vahid vəsiqənin olması barədə fikir bildirən media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, söhbət jurnalistika ilə mütəmadi məşğul olan şəxslərin reyestrə alınmasından gedir: “İllərdir bu məsələ ilə bağlı müxtəlif fikirlər, təkliflər səslənib. Yaxşı olar ki, sırf jurnalistika ilə məşğul olan şəxslərin vahid reyestri formalaşdırılsın. Həmin reyestr əsasında media işçilərinə vahid jurnalist vəsiqəsi verilsin”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, jurnalistika sərbəst sahədir. Reyestrə salınmayan şəxslər də jurnalistika ilə məşğul ola bilər: “Sosial mediada bununla bağlı narazılıqlar səslənir. Narazılıqlara heç bir əsas yoxdur. Jurnalistikanın ciddiləşdirilməsi, sistemləşdirilməsindən söhbət gedir. Vahid vəsiqənin ölkə insanlarının aldadılmasının, jurnalistikadan sui-istifadənin qarşısının alınmasında xüsusi rolu olacaq”.

A.Həsrət hesab edir ki, jurnalistlər üçün vahid vəsiqənin olması bu sahədə yaşanan problemlərin həll olunmasına, ümumiyyətlə, işin keyfiyyətinə müsbət təsir edəcək.

Günel CƏLİLOVA

Son xəbərlər