İrəvan çalxalanır, Moskva Ermənistanda yeni siyasi güc yaradır…

img

Ermənistanda ictimai-siyasi müstəvidə vəziyyət yenidən gərgin məcrada inkişaf etməyə başlayıb. Müxalifətin hakimiyyətin mövqeyini laxlada biləcək etiraz aksiyaları təşkil edə bilməməsi fonunda iqtidar rəqiblərinə qarşi yenidən təzyiq siyasətini işə salmaqdadır.

Bu barədə danışmazdan öncə qeyd edək ki, müxalifət hakimiyyətin devrilməsində israrlı olduğunu bildirir. Bunun üçün hakimiyyətə qarşı “A” və “B” planları da hazırlanıb. Müxalifətin əsas liderlərindən biri olan Vazgen Manukyan baş nazir Nikol Paşinyanın istefasına nail olacaq “A” və “B”  planlarının nədən ibarət olduğunu artıq açıqlayıb. “A”  planı Paşinyanın güvəndiyi məqamların aradan qaldırılmasını nəzərdə tutur. Manukyana görə, mitinqlərə nə qədər insan toplansa da, Paşinyan könüllü istefa verməyəcək: “Bu o deməkdir ki, onun güvəndiyi nəsnələri qırmaq lazımdır”. O hesab edir ki, baş nazirin güvəndiyi ilk qrup problem qapılarını döyənə qədər dövlətin hansı yolla getdiyini anlamayan vətəndaşlardır: “Bu vətəndaşlara bu ölkədə nə baş verdiyini və nəyin baş verəcəyini izah etmək bizim borcumuzdur”. Müxalifət lideri güc stukturları ilə də bağlı maraqlı fikirlər səsləndirib və onları Paşinyanın güvəndiyi digər mühüm qrup olaraq göstərib: “İkinci sütun güc strukturlarıdır. Bunlar bəzən öz maraqlarından çıxış edərək öz dövlət vəzifələrini icra etdiklərinə inandıqları düşünən polislər, Milli Təhlükəsizlik Xidmətidir. Onlara qarşı sərt olmalıyıq, onları inandırmalı və həmişə onlara bir xilas yolu qoymalıyıq”. Manukyan Paşinyana güc verən üçüncü qüvvədən də danışıb: “Üçüncü qüvvə parlamentdə Nikol Paşinyanın dayağı olan millət vəkilləridir. Onlara qarşı sərt, inandırıcı olmalısan və həmişə onlara bir xilas yolu qoymalısan”. Manukyan qarşıda duran problmləri həll etməyin yollarından birinin davamlı nümayişlər olduğunu deyib: “Ermənistan qaynamalı, nümayişlər hər gün keçirilməli, şəhər iflic olmalı, tətillər olmalı, maşın konvoyları bütün Ermənistanı gəzməli, insanları etiraz etməyə, toplumu birləşdirməyə və birlikdə Nikol Paşinyanın dayandığı sütunları sındırmağa çağırmalıdır. Bunun üçün isə zəhmət, vaxt lazımdır”.

Paşinyana qarşı hazırlanan “B” planı daha maraqlıdır. Bu planın mahiyyətinin hakimiyyətə qarşı qiyam olduğunu bildirən Vazgen Manukyan qeyd edir: “Hər an, istər bu gün olsun, istər bir həftədən, istər on gündən sonra, qiyam yolu ilə ildırım sürətilə hakimiyyəti almağa hazır olmalıyıq”. Hazırda müxalifət Nikol Paşinyanın istefasını və Vazgen Manukyanın müvəqqəti baş nazir seçilməsinin mümkün olduğu bir keçid hökuməti qurulmasını istəyir. Müxalifət hərəkatına daxil olan partiyalar Paşinyan və ya onun siyasi komandası tərəfindən təşkil ediləcək erkən seçkiləri qəbul etmir. Bəyan edirlər ki, belə olsa seçkilər saxtalaşdırılacaq. Hakim qüvvə nümayəndələri isə ədalətli seçkiləri təşkil edə bilməyəcəkləri fikrini rədd edərək, hazırda Ermənistanda erkən parlament seçkiləri üçün heç bir ictimai tələbin olmadığını bildirir. Bu şəraitdə müxalifət kütləvi itaətsizlik aksiyasına da start verib. Bu məqsədlə müxalif qüvvələr tərəfindən yürüş də keçirilib. Fevralın 22-də keçirilən yürüşün iştirakçıları iki saatadək davam edən aksiya zamanı Fransa meydanına, oradan isə Ermənistan prezidentinin iqamətgahı yerləşən Baqramyan küçəsinə gəliblər. Onlar burada bir daha prezident Armen Sarkisyandan Paşinyanın istefası məsələsində ardıcıl olmağı tələb ediblər. Lakin istər fevralın 20-də keçirilən mitinqə, istərsə də ondan sonra baş tutan yürüşə cəmiyyət tərəfindən müxalifətə lazımı dəstək nümayiş etdirilməyib. Bunlar fonunda Paşinyan rəqiblərini yenidən güc yolu ilə sıradan çıxarmaq qərarına gəlib. Artıq müxalifətin baş nazirliyə vahid namizədi Vazgen Manukyana qarşı cinayət işi qaldırılıb. O, konstitusiya quruluşunun dəyişdirilməsinə və hakimiyyətin zorakılıqla ələ alınmasına çağırışda ittiham edilir.

Sabiq prezident Robert Köçəryan da yenidən diqqət mərkəzindədir. Belə ki, İrəvan məhkəməsində Poqos Poqosyan adlı şəxsin 2001-ci ildə paytaxtın “Araqats” kafesində öldürülməsi ilə bağlı işə təkrar baxılmasına başlanıb. Bu iş üzrə müttəhim qismində ikinci prezident Robert Köçəryanın cangüdənlərindən biri keçir. Belə ki, “Kuku” ləqəbli mühafizəçi Aqamal Arutyunyan ehtiyatsızlıqdan adamöldürmə ittihamı üzrə mühakimə olunur. Arutyunyandan ölkədən çıxmayacağına dair yazılı iltizam alınıb. Erməni mediası yazır ki, Aqamal Arutyunyanın həmin vaxt istintaqdan yayınaraq cəzasız qalmasında Robert Köçəryan mühüm rol oynayıb. Bu səbəbdən onun baş verənlərə görə indi hüquq-mühafizə orqanları qarşısında cavab verməsi vacib hesab edilir. Digər sabiq prezidenr Serj Sarkisyan haqda da cinayət işlərinin yenilənməsi gözlənilir. Bütün bunlar hakimiyyətə rəqiblərini güc yolu ilə sıradan çıxarmaq imkanları qazandırır. Müxalifətin buna qarşı etiraz aksiyaları isə Ermənistanda vəziyyəti daha da qarışdırır. Rus politoloq Vitali Arkov bu xüsusda bildirir: “Bu gün Ermənistanda müşahidə edilənlər, əslində parlamentə deputat seçkilərinin başlanğıc kampaniyasıdır. Hazırkı reallıqda erməni seçicisinin seçimi çox məhduddur: ya cəmiyyəti həddən artıq bezdirən “Qarabağ klanı”nın restavrasiyası, ya da İkinci Qarabağ müharibəsində məğlub olan “sorosçular”. Hər iki düşərgədə nüfuzlu bloklara qoşulmayan qruplarla birləşdirildikdə üçüncü bir güclü qüvvə yarada biləcək sağlam düşüncəli siyasətçilər var. Məlumatlara görə, bu qüvvə artıq formalaşır - Rusiyanın erməni icmasının fəal dəstəyi ilə”.

Samirə SƏFƏROVA

 

Son xəbərlər