Sülhməramlıların gözləri qarşısında Ermənistanın Xankəndidə bədnam ildönüm yürüşləri - xalqlar sülhə bu cür hazırlanmır...

Rəşad Bayramov: “Görünür, bu problemi də Azərbaycan öz gücü ilə həll etməli olacaq”

img

AR XİN Mətbuat xidməti idarəsi Ermənistan XİN-in Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin radikal erməni millətçilərinin aqressiv separatçılığına bəraət qazandıran bəyanatına dair açıqlama yayıb. Xarici

İşlər Nazirliyindən bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) radikal ermənilərinin aqressiv separatçılığının əsasını qoyan 20 fevral 1988-ci il tarixli qanunsuz qərarını dəstəkləyən bəyanatı Ermənistanın hələ də məsuliyyətli davranışdan və beynəlxalq hüququn aliliyi əsasında münasibətlər qurmaqdan uzaq olduğunun göstəricisidir.

Xatırlatmaq istərdik ki, sözügedən qondarma qərar SSRİ Konstitusiyasına, DQMV haqqında 1981-ci il Qanunu, habelə bütün digər müvafiq normativ hüquqi aktlarla ziddiyyət təşkil edirdi.

Aqressiv erməni separatçılarının Ermənistan tərəfindən dəstəklənməsi və sonuncunun Azərbaycana qarşı açıq ərazi iddiaları və təcavüzkar siyasəti bölgədə onilliklər ərzində davam edən hərbi işğal, qanlı etnik təmizləmə, bir milyon insanın fundamental hüquqlarının pozulmasına və böyük dağıntılara gətirdi. Bu vəziyyət bölgənin uzun illər ərzində dayanıqlı inkişafına, sülh, təhlükəsizlik və tərəqqiyə ciddi əngəl törətdi.

Hazırda beynəlxalq hüququn bərqərar olunduğu, işğal faktorunun aradan qaldırıldığı və hərbi əməliyyatlara son qoyulması ilə bağlı razılıq əldə olunduğu bir vaxtda rəsmi İrəvanın yenidən xalqlararası nifaqı qızışdıran açıqlamalarla çıxış etməsi Ermənistan rəhbərliyinin dağıdıcı təfəkkürünün göstəricisidir.

Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərə əməl edərək iki dövlət arasında münasibətlərin normallaşması, bölgədə sülh şəraitində birgəyaşayışın təmin olunması istiqamətində əməli addımlar atmaq əvəzinə düşmənçiliyi təşviq etməsini qətiyyətlə qınayırıq. Bu yanaşmanın heç bir gələcəyi yoxdur və Ermənistan xalqının uçuruma aparılmasından başqa bir şey deyil.

Rusiya və digər həmsədr ölkələrin bu məsləyə münasibəti necə olmalıdır?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, 1923-cü il 20 fevral günü Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR-ə birləşmə haqqında qərar qəbul edəndən sonra separatçılar hər il bu tarixi dirçəliş günü kimi yürüşlə qeyd edirlər: “İki gün əvvəl  Xankəndidəki ermənilər 33-cü ildönümü qeyd ediblər. Amma 33 ildə ilk dəfədir ki, yürüş şənliklə deyil, matəm mərasimi kimi müharibədə ölənlərin qəbirlərini ziyarətlə, xatirə kompleksinin qarşısına gül qoymaqla bitib. Yürüşdə bir kilometrədək erməni bayrağını əllərində küçə boyu daşıyan gənclərlə separatçı rejimin Araik Arutunyan, Viktor Balasanyan kimi cinayətkar rəhbərləri və din xadimləri sükutla yürüş ediblər. Yürüşdə Rusiya nümayəndələri də iştirak edib. Qarşımızdakı düşmən sülhü və danışıqları anlayan deyil. O yalnız gücü anlayan olub. Ermənistanın təsir dairəsində olduğu zamanda müstəqil olmayan Qarabağ indiki halda heç vaxt ola bilməz. Bunu ermənilər gözəl anlayır. Ancaq görünür, ikinci yumruğun başlarına endirilməsini istəyirlər. Belə vəziyyətin yaranmasında başlıca məsuliyyəti Rusiya sülhməramlıları daşıyır. Onlar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmirlər. Həmsədr ölkələr illər uzunu bölgədə sülhün yaranmasını istədiklərini bəyan edirdilər. Niyə sülhə təhdid yaradan bu əmələ reaksiya vermirlər?  Bir daha görünür ki, həmsədr ölkələr vəziyyətin nizama düşməsindən daha çox, onun gərginləşməsində maraqlıdırlar. Görünür, bu problemi də Azərbaycan öz gücü ilə həll etməli olacaq”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər