Keçmiş köçkünlərimizin yarıdan çoxu şəhər yerlərində məskunlaşıb - Prezident köçkünlərin yenidən məskunlaşmasına düzgün strateji baxış təqdim etdi

Natiq Cəfərli: “...yeni Baş Plan hazırlanmalıdır”

img

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasının vacibliyi haqqında fikirlər səsləndirib. Azad olunmuş ərazilərdəki yenidənqurma planlarından danışan ölkə başçısı "xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik", - deyə bildirib.

 

Onu da qeyd edək ki, Prezidentin məlum çıxışından sonra məcburi köçkünlər arasında sorğu keçirilib. Keçirilən sorğunun nəticələrinə əsasən, məcburi köçkünlərin əksəriyyəti Qarabağa qayıtmaq, orada yaşamaq istəyir.

Qeyd edək ki, keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb. Onların geri qayıtması üçün xüsusi proqram hazırlanır.

  • Qarabağa qayıdışla bağlı elə proqramlar həyata keçirilməlidir ki...

İqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, Qarabağa qayıdış bir neçə mərhələdə həyata keçirilməli və bu mərhələlərlə əlaqədar yeni Baş Plan hazırlanmalıdır: “İşğaldan azad edilmiş ərazilərdə atılmalı olan ən vacib addım, ilk növbədə, müdafiə və təhlükəsizlik məsələləridir. Buna çox ciddi önəm verilməlidir. Elə etmək lazımdır ki, erməni separatçıları Qarabağa hər hansı təhlükə törətməyi ağıllarından belə keçirə bilməsinlər. Bununla yanaşı, ərazilər minalardan təmizlənməlidir. Sonrası infrastruktur layihələrinin icrasına başlamaq, kommunikasiya xətlərinin çəkilməsi və bərpasıdır. Son mərhələdə isə insanların köçürülməsinə hazırlıq, yaşayış evlərinin, gərəkirsə, yeni qəsəbələrin salınması, tikinti işlərinin başlanması lazımdır. Buna paralel olaraq biznes imkanlarının yaradılması vacibdir. Çünki insanlar məskunlaşdıqları yerdə işlə təmin edilməli, çalışmalı, gəlir əldə etməlidirlər”.

Həmsöhbətimiz onu da vurğuladı ki, Qarabağa dönən insanların məşğulluğunun təmini üçün uzunmüddətli “0” vergi sisteminin tətbiqi mütləqdir. İnvestorların cəlbi həyata keçirilməlidir. Təbii ehtiyatlardan, münbit torpaqlardan istifadə, aqrar sahənin sənayeləşdirilməsi, yəni təkcə becərmə və məhsul yığımı deyil, məhsulun emalı, fabrikat istehsalına imkanlar yaradılması vacib məsələdir: “Elə proqramlar həyata keçirilməlidir ki, Qarabağ torpaqları hər zaman olduğu kimi, yenə də Azərbaycan iqtisadiyyatına töhfə versin. Bu mənada hesab edirəm ki, Böyük Qayıdış Planına ehtiyac yaranacaq”.

Günel CƏLİLOVA

Son xəbərlər