Məğlub Ermənistanda son aylar baş verən siyasi böhran daha da dərinləşməkdədir. Vəziyyət o həddə çatıb ki, bu ölkənin “ölüm-qalım” məsələsi müzakirə mövzusudur.
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, ölkədə qanlı qarşıdurma baş verəcək. Levon Ter-Petrosyan müxalifətin baş nazir postuna vahid namizədi Vazgen Manukyanın mitinqdəki çıxışını şərh edərkən bu fikirləri bildirib. “İlur.am” saytının yaydığı məlumata görə, Vazgen Manukyan bildirib ki, baş nazir Nikol Paşinyan nə qədər tez istefa edərsə, onun üçün daha yaxşı olacaq. Onun sözlərinə görə, qəzəbli insanlar Paşinyanı parçalayacaqlar. Ter-Petrosyan hesab edir ki, müxalif siyasətçinin sözləri son dərəcə təhlükəlidir və bu cür şiddət vətəndaş müharibəsi ilə nəticələnə bilər: “Bunlar, sadəcə, sözlər olsaydı, narahatlığa səbəb olmazdı. Ancaq Manukyan minlərlə tərəfdarı ilə baş nazirin iqamətgahını əhatəyə alıb və onun çıxışı açıq şəkildə zorakılığa hazır olduqlarını göstərir. Baş nazirin vəzifəsi də az təhlükəli deyil. Onun ritorikası və davranışı, vəzifədən getmək istəməməsi qarşıdurmaya hazır olduğunu göstərir. Hər iki tərəf qərarlı olarsa, münaqişə qaçılmazdır.
Hər ikisinin də parlamentə “basqın” etmək təcrübəsi var - 1996-cı ildə Manukyan, 2018-ci ildə Paşinyan. Ancaq 2018-ci ildə iqtidar hakimiyyəti Paşinyana tapşırmışdısa, bu gün mövcud baş nazirin bənzər bir addım atmağa hazırlıq görmədiyi açıq görünür” - deyə o vurğulayıb.
“Təbii ki, indi orada gedən mübarizənin vətəndaş qarşıdurmasına doğru inkişaf etməsini iki qütbun toqquşması kimi də adlandıra bilərik”
Mövzunu “Bakı-Xəbər”ə şərh edən “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev bildirdi ki, Ermənistanda vəziyyətin bu cür cərəyan edəcəyi, prosesin sonda vətəndaş qarşıdurması, vətəndaş müharibəsi ilə nətilənəcəyi gözləniləndir: “Qarabağla bağlı imzalanmış üçtərəfli atəşkəs bəyannaməsinin ardınca Ermənistanda cərəyan edən hadisələr bu ölkənin hələ uzun müddət siyasi və s. böhranlardan çıxa bilməyəcəyi faktını ortaya qoyur”.
Ermənistanın 17 müxalifət partiyasının bir araya gələrək, baş nazir Nikol Paşinyanın istefasını tələb etməsinə və keçid hökuməti quraraq Vazgen Manukyanı lider seçməsinə münasibətini şərh edərkən B.Quliyev qeyd etdi ki, əslində, hər iki şəxs arasında elə də ciddi fərq yoxdur: “Nəzərə alsaq ki, Paşinyan iki il əvvəl “məxməri inqilab” vasitəsilə, daha dəqiq desək, Sorosun dəstəyi nəticəsində parlamenti zəbt etdi, hakimiyyəti kütləvi etirazlarla devirməyə müyəssər oldu, Vazgen Manukyan da 1996-cı ildə parlamentə hücum edən siyasi qüvvələrin rəhbərliyində yer alanlardan biri idi. Bənzərlik də məhz bundadır, amma hər iki hadisə, nəticə etibarilə, Ermənistanı heç də yaxşı günlərə çıxarmadı, əksinə, ölkə iqtisadi böhranlar içində batıb-getməyə davam etdi. Əbəs deyil ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da özünün son çıxışında bu məsələyə diqqət çəkməklə, Qarabağdan məğlub çıxmış bir ölkədə vətəndaş qarşıdurmasının yaşanacağı halda, dövlətçilik dayaqlarının tamamilə sıradan çıxacağı xəbərdarlığını edib”.
Siyasi ekpert hesab edir ki, hazırda hər iki tərəfin inadkarlıq nümayiş etdirməsi bu gerçəkliyi həqiqətə çevirməkdədir: “Baxın, İrəvanda ötən həftə keçirilmiş kütləvi etiraz aksiyasında Vazgen Manukyan yenidən 1996-cı ildəki variantı önə sürərək, Nikol Paşinyana ayın 8-nə qədər, saat 12:00-a kimi vaxt verdi. Bu, açıq-aydın, ultimatumdur və həmin tələb yerinə yetirilməzsə, o, erməni xalqının Paşinyanı, hətta ailəsini və siyasi komandasını parçalayacağını istisna etməyib. Əslində, burada təəccüblənəcək bir şey yoxdur, bu, bəlli erməni təfəkkürüdür və həmin təfəkkürdə başlıca yer alan amil qan tökməkdən, dağıtmaqdan, parçalamaqdan, məhv etməkdən ibarətdir. Yəni Ermənistanda mövcud olan bütün hakimiyyətlər dönəmində nəinki Azərbaycan xalqına qarşı bu cür vəhşi metodlardan istifadə olunub, hətta onlar öz daxillərində, bir-birinə qarşı da eyni münasibəti sərgiləyiblər. İndi də həmin hal davam edir. Nə Paşinyan gedəcəyini bəyan edir, nə də Manukyan irəli sürülən ultimatum qərarından geri çəkiləcəyini bildirir. Ter-Petrosyan isə bütün bunları bəri başdan proqnozlaşdıraraq, ölkədə yeni qanların töküləcəyini, Ermənistanın isə daha böyük itkilərə məruz qalacağını deyir. Yəni Paşinyan da, Manukyan da Ermənistanı məhvə doğru sürükləyirlər. Mən bu mövzuda Robert Köçəryanın da son müsahibəsində Nikol Paşinyana və “Mənim addımım” hakim fraksiyasına humanitar dəhliz açılması barədəki fikirlərinə də toxunmaq istərdim”.
B.Quliyev bildirdi ki, Robert Köçəryan həmin vasitə ilə dolayı yolla Ermənitanda vətəndaş müharibəsinin qaçılmazlığına işarə edib: “Ona görə də “Mənim addımım” blokunun təmsilçilərinə, hakimiyyət nümayəndələrinə indidən başlarına çarə qılmağı, istefaya getməyi tövsiyə edib ki, Paşinyana qarşı başladılan fiziki hücumlarda yer almasınlar. Daha dəqiq desək, yaxın müddətdə biz Ermənistanda baş verən siyasi proseslərin nəzarətdən çıxacağı reallığını artıq görməyə, müşahidə etməyə başlamışıq. Təbii ki, indi orada gedən mübarizənin vətəndaş qarşıdurmasına doğru inkişaf etməsini iki qütbun toqquşması kimi də adlandıra bilərik” - deyən B.Quliyev bunu belə əlaqələndirdi: “Paşinyan Qərb siyasi dairələrinin, xüsusilə Sorosun seçimi olduğu üçün, Manukyanın və komandasının Rusiyayönümlü olması da kimsəyə sirr deyil. Amma bu o demək deyil ki, hadisələrin inkişafı prosesində nə isə müsbət yöndə dəyişəcək və ermənilər istəklərinə nail olacaqlar. Əksinə, hətta Manukyanın hakimiyyəti qan bahasına ələ alacağı halda heç nə dəyişməyəcək. Hətta Rusiyanın Ermənistanı yenidən tam nəzarətinə alacağı imkanı yaranacaqsa, bu, həmin ölkənin müstəmləkəyə çevrilməsi, quberniyaya çevrilməsi faktını sürətləndirəcək. Burada isə uduzan yenə də öz ucuz, uğursuz təfəkküründən kənara çıxa bilməyən erməni xalqı olacaq. Açıq desək, artıq Ermənistanın regionda suveren dövlət kimi qalması, yaşaması mümkünlüyü günü-gündən itir və həmin gerçəklik özünü bütün çılpaqlığı ilə isbatlamaqdadır” - deyə siyasi ekspert vurğuladı.
İradə SARIYEVA