Xəbər verildiyi kimi, Vətən müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən onların ailə üzvlərinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan hüquqları təmin olunacaq.
Belə ki, erməni terroru nəticəsində şəhid olan mülki şəxslərin ailələrinin 206 üzvünə müvafiq sosial təminat növləri üzrə aylıq ödənişlər təyin olunub. Onların böyük əksəriyyətinə hüquqlarına uyğun olaraq həm Prezidentin təqaüdü, həm də pensiya (və ya müavinət) təyinatı aparılıb. Ümumilikdə, 206 nəfərdən 196 nəfərinə Prezidentin təqaüdü, 151 nəfərinə müavinət, 40 nəfərinə pensiya təyin edilib.
Qeyd edək ki, 94 mülki şəxs erməni terrorunun qurbanı olub. Erməni terrorunun qurbanı olan şəxslər də şəhid statusuna sahibdirlər. Eyni zamanda, həmin şəxslərin ailələri də şəhid ailə üzvləri üçün nəzərdə tutulan bütün hüquqlardan yararlana biləcəklər.
“Terror zamanı həyatını itirən şəxslərin ailələrinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan imtiyazlardan, hüquqlardan istifadə etməsi təqdirəlayiqdir”
Sosioloq Aytəkin Kamranqızı qeyd etdi ki, erməni terrorunun qurbanı olan ailələrə dəstək göstərilməsi düzgün addımdır: “Erməni terrorunun qurbanı olan şəxslər də şəhid sayılırlar. Onlar gecənin bir yarısı erməni bombasının qurbanı olublar. 94 günahsız şəxs erməni terrorunun qurbanı olduğu üçün onlar da şəhid sayılırlar. Bu səbəbdən də terror zamanı həyatını itirən şəxslərin ailələrinin şəhid ailə üzvləri üçün nəzərdə tutulan imtiyazlardan, hüquqlardan istifadə etməsi təqdirəlayiqdir. Həmin ailələrə də dəstək göstərilməlidir. Məlumdur ki, banklar da bu kateqoriyadan olan şəxslərə dəstək göstərdi. Erməni terroru zamanı həyatını itirənlərin kredit borcu silindi, həmçinin, dövlət tərəfindən də o ailələrə müxtəlif formada dəstək göstərilir”.
Günel CƏLİLOVA