Ermənilər Azərbaycan torpaqlarını işğalda saxladığı dövrdə bizim burada olan bütün məscidlərimizə, dini məbədlərimizə qarşı vandalizm aktları həyata keçiriblər. Məscidlərimizin böyük əksəriyyəti məhv edilib, bir çoxu dağıdılıb və təhqir edilib. Erməni vəhşiliyinə, vandalizminə məruz qalan məscidlərimizin taleyi isə bütün dünya müsəlmanlarını düşündürməlidir. Artıq dünyanın müxtəlif ölkələrindəki müsəlman icmaları erməni vandalizminə öz etirazlarını bildirir, ermənilərin bu vəhşiliyini kəskin şəkildə pisləyirlər.
Rusiya müsəlmanları da ermənilərin məscidlərimizə qarşı törətdikləri qeyri-əxlaqi davranışları, vandalizm aktlarını kəskin pisləyirlər. Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Damir Muxetdinov deyib ki, Dağlıq Qarabağda təqribən 70 müsəlman məscidinin qayğıya və bərpaya ehtiyacı var. O haqlı olaraq vurğulayıb ki, Qarabağda bir çox məscid təhqir olunub, donuz tövləsinə çevrilib. Divarlarda adlar və ədəbsiz sözlər yazılıb. Artıq neçənci dəfədir Rusiya müsəlmanları erməni vəhşiliyinə açıq etiraz edirlər”.
“...seyrçi mövqedə dayanan bəzi müsəlman dövlətlərinə bir mesajdır ki...”
Tanınmış tarixçi-etnoqraf Ənvər Çingizoğlu bizimlə söhbətində bildirdi ki, Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin müavini Damir Muxetdinovun bu münasibəti erməni vandalizminin ifşa edilməsinə yönəlik bir addımdır. Ə.Çingizoğlunun sözlərinə görə, artıq bu onu göstərir ki, ermənilərin işğal dövründə müsəlman məscidlərinə qarşı törətdikləri cinayətlər Rusiyanın müsəlman icmasında da ciddi narazılıqlar, narahatlıqlar yaradıb: “Ermənilər elə bilirdilər ki, 30 il müddətində davamlı olaraq məscidlərimizə, müqəddəs ocaqlarımıza qarşı törətdikləri vandalizm cinayətlərindən dünya xəbər tutmayacaq. Artıq torpaqlarımız işğaldan azad olunub və bütün dünya erməni vandalizminin izlərini məscidlərimizdə, dini ocaqlarımızda akşar şəkildə görmək imkanı qazanıb. Bu gün işğaldan azad edilən ərazilərimizə həm beynəlxalq təşkilatların, həm diplomatik korpusların nümayəndələrinin səfərləri təşkil olunur, həmin ərazilərə xarici jurnalistlər dəvət edilir. Bütün bunlar isə Ermənistanın məscidlərimizə, dini abidələrimizə qarşı törətdikləri vandalizm aktlarının beynəlxalq aləmdə ifşa olunması deməkdir. Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin müavininin yaydığı bu bəyanatdan açıq görünür ki, həm bu ölkədə, həm də dünyanın başqa ölkələrində yaşayan müsəlmanlar erməni vandalizmini görürlər və onu ifşa edirlər. Dağlıq Qarabağda 70 müsəlman məscidinin üzləşdiyi erməni vandalizmi, o məscidlərin ermənilər tərəfindən iyrənc şəkildə təhqir olunması faktları müsəlman dünyası tərəfindən ifşa edilir. Fikrimcə, Rusiya Müsəlmanları Ruhani İdarəsi sədrinin müavininin ermənilərin Qarabağda müsəlman məscidlərini dağıtması, məhv etməsi, murdarlaması faktını rəsmən bəyan etməsi erməni vandalizminin ifşa edilməsi deməkdir. Bu həm də erməni vandalizminə münasibət bildirməyən və seyrçi mövqedə dayanan bəzi müsəlman dövlətlərinə bir mesajdır ki, artıq danışmaq, erməni vandalizmini ifşa etmək zamanıdır, susmayın.
Hesab edirəm ki, Rusiyanın müsəlman icması ermənilərin bu iyrənc cinayətlərini bu ölkə ictimaiyyətində hər bir insana çatdıracaq, sizin “başına sığal çəkdiyiniz” ermənilər, görün, Qarabağda müsəlman məscidlərinə qarşı hansı iyrəncliklər ediblər, söyləyəcək” - deyə Ə.Çingizoğlu qeyd etdi.
Ə.Çingizoğlu hesab edir ki, ermənilərin Qarabağda bizim məscidlərə qarşı törətdikləri vandalizm aktları barədə artıq İslam Əməkdaşlıq Təşkilatı da rəsmi bəyanat yayıb. Bütün bu amillər Ermənistanın cəzalandırılması üçün tutarlı faktlardır, əsaslardır.
İradə SARIYEVA