Ölkədə icra başçılarının həbsi prosesi davam edir. Son yayılan məlumata görə, DTX bənzər əməliyyatı İmişli rayonunda həyata keçirib. Nəticədə icra başçısı Vilyam Hacıyev və onun tabeliyində olan bir neçə şəxsin DTX tərəfindən həbs edilərək Bakıya gətirildiyi bildirilir. İcra başçıları həbs ediləndən sonra mediada onların külli miqdarda sərvətlərinin, mülklərinin olduğu üzə çıxır. Məlum olur ki, bunlar üçün daha prioritet istiqamət məhz rüşvət toplamaq olub.
Qeyd edək ki, belə həbslərin həyata keçirilməsini sadə vətəndaşlar alqışlayır və dövlətə dəstəklərini ifadə edirlər. Vətəndaşların irəli sürdüyü tələblər isə onların ağır cəzaya məhkum edilərək, topladıqları sərvətlərin əllərindən alınması ilə bağlıdır. Həbs edilən icra başçılarının korrupsiya yolu ilə əldə etdikləri sərvətin əllərindən alınaraq hara köçürülməsi korrupsioner məmurlar üçün ibrət ola bilər?
Elşad Musayev: “Həm həbslər davam etdirilməli, həm də millətdən, dövlətdən oğurlanan milyonlar, milyardlar dövlətə qaytarılmalıdır”
Müxalifyönümlü Böyük Azərpaycan Partiyasının sədri Elşad Musayevin sözlərinə görə, icra hakimiyyəti başçılarının həbsi sadə insanlarımız tərəfindən müsbət qarşılanır:“Bu rüşvətxor, işbilməz məmurların əməllərindən xalq bezib. Amma məsələ bununla bitməməlidir. Həm həbslər davam etdirilməli, həm də millətdən, dövlətdən oğurlanan milyonlar, milyardlar dövlətə qaytarılmalıdır. Bir qisim yüksək rütbəli məmur həbs olunmasa da işdən kənarlaşdırılıb, amma haram yolla yığdıqları külli miqdarda vəsait əllərindədir. Xortumlar sıxılmalı və həmin pullar əllərindən alınmalıdır”.
Mehman Muradlı: “Etdiyi əməldən asılı olmayaraq, təqsirləndirilənlərə qarşı bütün addımlar hüquq çərçivəsində atılmalıdır”
Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı isə qəzetimizə bildirdi ki, bütün addımlar hüquqi yolla tənzimlənməlidir:“Biz görürük ki, həmin icra başçılarının ətrafında əməliyyat aparılıb. Ortaya ciddi sübutlar qoyulub və onların barəsində həbs qətiimkan tədbiri seçilib. Hazırda həmin işlərin istintaqı aparılır. Bu o demək deyil ki, hansısa qurum korrupsiya yolu ilə alındığı iddia olunan vəsaiti və ya mülkü götürüb dərhal kiməsə verə bilər. İstintaq bu halları araşdıracaq. Çünki onların təqsirləndirilərək barələrində həbs qərarının verildiyi maddələr bunu tələb edir. Bu istiqamətdə istintaqın əldə etdiyi sübutlara məhkəmə istintaqı zamanı qiymət veriləcək. Çoxpilləli məhkəmə instansiyaları bitəndən sonra isə onlar barəsində çıxarılan hökm qanuni qüvvəyə minəcək. Orda cinayət yolu ilə əldə edilən əmlakın müsadirəsi ilə bağlı müddəa və tələb öz əksini taparsa, icraya yönəldiləcək. Təbiidir ki, o pullar dövlətin büdcəsinə gedir. Dövlət də lazımi istiqamətdə onun xərclənməsi ilə bağlı qərar verir. Biz hüquqi dövlətdə yaşayırıq. Etdiyi əməldən asılı olmayaraq, təqsirləndirilənlərə qarşı bütün addımlar hüquq çərçivəsində atılmalıdır. Düşünürəm ki, həbs, əmlaka qoyulan müsadirə və cəzaya məhkum olunmanın özü elə korrupsionerlər üçün dərs və ibrət olmalıdır”.
Məhəmmədəli QƏRİBLİ