ABŞ-ın Minnesota ştatının Senatı Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında qurulan separatçı rejimin “müstəqilliyi"ni tanımaqla bağlı qərar verib.
Bununla bağlı Rusiya mediası məlumat yayıb. Sözügedən məlumata görə, müvafiq qərar mayın 2-də Senatın qanunvericilik aktlarının saytında dərc edilib. Qətnamədə erməni rejiminin “müstəqilliyi” tanınmaqla “azad və müstəqil” bir “dövlət”in yaradılması cəhdlərinə dəstək ifadə olunur. Bununla yanaşı, ştat, Prezident və Konqresi Qarabağdakı ermənilərin “öz müqəddəratını təyinetmə və müstəqillik hüququnu” dəstəkləməyə çağırıb. Eyni zamanda, mayın 5-i ştatda separatçı erməni rejiminin tanınması və ermənilərin, eləcə də “Artsax xalqı”nın Minnesotanın inkişafına verdiyi töhfə günü kimi qeyd edilməsi təklif olunur.
Beləliklə, Minnesota ABŞ-ın qondarma rejimin “müstəqilliyini” tanıyan növbəti ştatı oldu. Onu da qeyd edək ki, Minnesota Rod-Aylend, Massaçusets, Kaliforniya, Kolorado, Men, Luiziana, Corcoya, Miçiqan və Havay adalarından sonra separatçı rejimi tanıyan 10-cu ABŞ ştatıdır.
Görünən odur ki, ABŞ-dakı erməni lobbisi Qarabağdakı separatçı qurumun təbliği ilə bağlı bütün imkanlardan istifadə edir. Düzdür, Minnesota ştatı Senatının məlum bədnam qərarı ABŞ-ın dövlət siyasəti demək deyil. Birləşmiş Ştatlar qondarma separatçı rejimi tanımır. Ancaq, bütün hallarda, bəzi ABŞ ştatlarının Qarabağdakı separatçı qurumla bağlı məlum “qərarları” yolverilməzdir. Bundan erməni tərəfi təbliğat məqsədi üçün maksimum istifadə edir.
“Bizim üçün əsas göstərici Birləşmiş Ştatlar Administrasiyasının mövqeyidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən keçmiş diplomat Fikrət Sadıqov Minnesota ştatı Senatının məlum addımına bir neçə aspektdən yanaşdı: “Bizim üçün əsas göstərici Birləşmiş Ştatlar Administrasiyasının mövqeyidir. Yəni Ağ Evin mövqeyi. ABŞ-ın sözügedən məsələyə münasibəti bizə aydındır. O da ondan ibarətdir ki, Birləşmiş Ştatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyü birmənalı olaraq tanınır. Heç bir dövlət Qarabağdakı separatçı rejimi tanımır. Nəinki tanımır, eyni zamanda, hər dəfə orada “seçkilər” keçiriləndə ABŞ Dövlət Departamenti bəyanatla çıxış edir. Bəyan edir ki, belə bir dövlət yoxdur və orada keçirilən “seçkiləri” tanımırıq. Bax, budur bizim üçün əsas göstərici. O ki, qaldı bəzi ştatlarda bu kimi qərarların qəbul olunmasına, belə qərarlar kağız parçasıdır. Bu, erməni lobbisinin təsiri altında atılan addımdır. Belə təşəbbüslər heç bir məna daşımır və əhəmiyyət kəsb etmir. O cümlədən, Minnesota ştatı Senatının məlum qərarının heç bir hüquqi əsası yoxdur. Buna rəğmən, biz arxayınlaşmamalıyıq. ABŞ ştatlarında Qarabağ həqiqətlərinin təbliği istiqamətində səylərimizi artırmalıyıq”.
Vidadi ORDAHALLI