Son illər Ermənistanda mövcud olan siyasi-iqtisadi, sosial böhran get-gedə dərinləşməkdədir. Vəziyyət o qədər acınacaqlıdır ki, bu ölkədə doğum sayı ölüm sayından çox aşağı səviyyədədir.
“Novosti Armeniya”nın yaydığı məlumata görə, Ermənistan əhalisinin sayı 30 ildir üç milyona çatmır. Nəşr son 30 ildə Ermənistan əhalisinin sayının azaldığını yazır.
Ermənistanın Statistika Komitəsinə istinadən yayılan məlumata görə, 2011-ci ildə keçirilən əhalini siyahıyaalma hesabatına əsasən, 2020-ci il yanvarın 1-də Ermənistan əhalisinin sayı 2 959 500 nəfər olub. Bu isə 2019-cu ilin uyğun dövrü ilə müqayisədə 5 600 nəfər azdır.
Bir sıra ekspertlər hesab edirlər ki, Ermənistan əhalisinin sayında artım halının baş verməməsi bir neçə əsas amillə bağlıdır. Demoqrafların fikrincə, bu ölkənin yerli əhalisi olan azərbaycanlıların ermənilər tərəfindən Ermənistandan kütləvi şəkildə deportasiya edilməsi, yezidi kürdlərin buradan baş götürüb başqa ölkələrə getməsi, ermənilərin isə aclıqdan, yoxsulluqdan xilas olmaq üçün Avropaya və Rusiyaya üz tutması nəticəsində mövcud problem yaranıb.
“Son 30 ildə Ermənistanda yalnız geriləmələr baş verir və nəticədə də ölkə əhalisi başqa ölkələrə çıxıb gedir”
Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Erməni Araşdırmaları Tədqiqat və Tədris Mərkəzinin böyük elmi işçisi, ermənişünas İsmayıl Tanrıverdi “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan əhalisinin sayının azalmasına əsas səbəb ölkədəki acınacaqlı durumdur. Sovet dövründə SSRİ büdcəsindən ayrılan dotasiya hesabına mövcudluğunu qoruyan yeganə respublika kimi Ermənistanın bu gün isə xarici ölkələrin verdiyi ianə ilə yaşadığını deyən İ.Tanrıverdinin sözlərinə görə, SSRİ dövründə bu ölkənin kənd təsərrüfatı yerli azərbaycanlılar hesabına inkişaf edib. Həmin dövrdə bu sahənin 60 faiz Azərbaycan rayonlarının, azərbaycanlıların səyi nəticəsində təmin olunduğunu qeyd edən müsahibimizin bildirdiyinə görə, hələ Sovet dövründən ermənilər kənd təsərrüfatının ayrı-ayrı sahələri ilə məşğul olmaqdan imtina edərək SSRİ-nin müxtəlif şəhərlərinə çıxıb gedirdilər. O, həmçinin, qeyd etdi ki, bu ölkənin qoyunçuluq təsərrüfatı isə yezidi kürdlərin hesabına inkişaf edirdi.
“Ermənistanda əhalinin real sayı təxminən iki milyon nəfərdir. Onlar xarici ölkələrdə yaşayan erməniləri də qeydiyyata almaqla sayı bir qədər qaldırmaq istəyirlər. Nə qədər cəhd etsələr də, ermənilərin sayı heç 3 milyon deyil. Hələ Sovet dövründən ermənilər başqa respublikalara işləməyə gedirdilər. Onlara ermənilər özləri “xapançi” deyirlər. Bu gün ermənilər Ermənistandan çox Rusiyada yaşayırlar. Hazırda Rusiyada 2 milyon erməni yaşayır. Hətta bir dəfə Rusiya Prezidenti Vladimir Putin yığıncaqlardan birində Rusiyada fəaliyyət göstərən erməni diasporunun rəhbəri Ara Abramyana üzünü tutub Rusiyada yaşayan ermənilərin sayını soruşdu. Təbii ki, o da erməni xislətinə sadiq qalaraq sualdan yayınmaq istədi. Amma Putin buna imkan verməyib dedi ki, siz demək istəməsəniz də, mən Rusiyada 2 milyondan çox erməninin yaşadığını bilirəm. Sarkisyan dövründə də xeyli sayda erməni Ermənistanı tərk edib müxtəlif ölkələrə getdi. Ermənilər ümid edirdilər ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistanın iqtisadiyyatı düzələcək və onlar geri qayıdacaqlar. Amma Paşinyan hakimiyyətə gələndən sonra Ermənistanda vəziyyət daha da pisləşdi. Bu gün Ermənistan iqtisadiyyatı böhran içindədir. Ona görə də ermənilər bura qayıtmaq istəmirlər.
Bilirsiniz, son 30 ildə Ermənistanda yalnız geriləmələr baş verir və nəticədə də ölkə əhalisi başqa ölkələrə çıxıb gedir. Paşinyan rejiminin günahı ucbatından vəziyyət daha da kəskinləşib.
Ümumiyyətlə, buradan 200 mindən çox azərbaycanlının deportasiya edilməsi, 70-75 min yezidi kürdün yoxsulluqdan Ermənistanı tərk etməsi, eləcə də dövlətin yürütdüyü zərərli siyasət bu ölkənin demoqrafik inkişafına mənfi təsir göstərdi. Hazırda Ermənistanda 6 min yezidi kürdü ailəsi yaşayır”.
İ.Tanrıverdi, həmçinin, vurğuladı ki, 1988-1989-cu illərdə Ermənistanın Amasiya rayonunda “raykom”da ideoloji şöbənin müdiri olarkən bu ölkə ərazisində baş verən bütün prosesləri yaxından izləyib. Onun qeyd etdiyinə görə, Ermənistan hökuməti yalan məlumatlar yayır ki, guya ki, 1988-ci ildə bu ölkə ərazisində baş verən zəlzələ zamanı ölənlərin sayı 75 min nəfər olub. Ermənilərin hətta o vaxt zəlzələ ilə əlaqədar Gümrüyə gələn keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovu aldatmağa da cəhd ediblər, lakin o, ermənilərin yalanını ifşa edib. Müsahibimiz qeyd etdi ki, Qorbaçovun göstərişi ilə Moskvada yaradılan komissiyanın araşdırması nəticəsində zəlzələ zamanı tələf olan insanlarının sayının 75 min nəfər deyil, 24 min nəfər olduğu müəyyən edilib. “Ermənilər o zaman sayı ona görə şişirdirdilər ki, daha çox yardım alsınlar. Çünki özünün heç bir gəliri olmayan, yalnız SSRİ-dən aldığı dotasiya ilə dolanan bir ölkə yalanlar uydurmaqla daha çox yardım almaq istəyirdi. O dövrdə Ermənistana ən çox yardım edən respublika Ukrayna idi. Ermənilər Ukraynanı əməlli-başlı müflis etdilər. Rusiya və digər ölkələr də Ermənistana yardımlar edirdilər. Amma hazırda koronavirusla əlaqədar olaraq bu ölkələr yardımı dayandırıblar. Çünki onların özlərinin də iqtisadi vəziyyəti yaxşı deyil” - deyə İ.Tanrıverdi qeyd etdi.
İradə SARIYEVA