Cənubi Qafqaz ölkələri arasında bu gün koronavirus pandemiyasının ən çox zərər vurduğu ölkə kimi Ermənistanın çıxış etməsi müşahidə edilir. Ağır iqtisadi durum, zəif səhiyyə səbəbindən Ermənistanda virusa yoluxanların sayı 3 minə çatır. Məlumata görə, ölkədə pandemiyadan ümumilikdə 40-dan çox insan ölüb. Amma bu ölkə üçün dəhşətli günlərin hələ qarşıda olduğu bildirilir. Artıq bu xüsusda ermənilər özləri də həyəcan təbili çalır.
Baş verənləri şərh edən erməni ekspert Miqran Akobyan bildirir ki, ölkədə vəziyyət sürətlə pisləşməyə doğru gedir:“Koronavirusa qarşı mübarizə Ermənistanın hazırkı rejimini məhv edib və indi o, hansısa bəyanatlarla özünü xilas etməyə çalışır”. Ermənistanda mayın 4-dən etibarən məhdudiyyətlərin qismən aradan qaldırılmasına toxunarkən o bildirib:“1 ölüm olanda niyə fövqəladə vəziyyət elan edirsən və sonradan ölümlərin və yoluxanların sayı sürətlə çoxaldığı halda niyə fövqəladə vəziyyəti aradan qaldırırsan? Məntiq nədir? Məntiq budur ki, koronavirusa qarşı mübarizə hazırkı rejimi məhv edib və bütün bu ölümlərə görə, baş nazir Paşinyan başda olmaqla, məsul şəxslər cavabdehdir”. Erməni mediası isə qeyd edir ki, koronavirus infeksiyanın yayılmasından sonra Ermənistan hökuməti artıq depressiyaya düşüb. “168.am” nəşri yazır ki, böhran Ermənistan hakimiyyəti üçün ağır bir imtahandır, fərqli bir şey gözlədikləri halda, tam başqa bir şey baş verir:“Belə olan halda hər şeyi yenidən başlamaq lazımdır. Ancaq bu da asan deyil. Bundan əvvəl iqtisadi böhranın aradan qaldırılması və insanların gündəlik çörək probleminin həlli barədə düşünməliyik. İtirdiyiniz şeyləri geri qaytarmaq üçün nə qədər vaxt lazım olacağını saymadan bunları etmək lazımdır. İndilikdə isə böhranlar səlahiyyətlilərin oyun kartlarını qarışdırır. Təəccüblü deyil ki, hər şeydə misli görünməmiş böyümə axtaran baş nazir də nikbinliyini itirib. Düzdür, bəzən bəzi ruhlandırıcı qeydlər etməyə çalışır, amma bu qeydlər əvvəlki gücə sahib deyil. İnfeksiya onun özü və hakimiyyəti üçün ölümcül olacaq. Ölkə getdikcə böhran vəziyyətinə düşür. Artım üçün heç bir perspektiv yoxdur. Gözləntilər, demək olar ki, bütün istiqamətlərdə mənfiyə doğru dəyişib. Halbuki, Ermənistan hakimiyyəti virusla bağlı təsirlərin qısamüddətli olacağını düşünürdü, lakin bu cür ümidlər tədricən tükəndi. Hazırda iqtisadiyyatın dərin tənəzzülü və yavaş bərpa olunması ilə əlaqəli risqlər daha çoxdur. Hökumət iqtisadiyyatda gözlənilən azalmanı 2% səviyyəsində qiymətləndirir. Ancaq bunun da son olmadığı ehtimal edilir. Bir müddət əvvəl gözləntilər hətta müsbət idi, 2-3% artım gözlənirdi. Bu gün bu nikbinlik yoxdur. Proqnozlar çox tez, əsasən eniş istiqamətində dəyişir. Hökumət Ermənistan iqtisadiyyatının məruz qalacağı təsirləri dəyərləndirib. Xarici sahədə bu təsirin bir neçə istiqamətdə olacağı ehtimal olunur. İxrac sektorunda itkilər gözlənilir. İqtisadiyyat ilin əvvəlindən bu cür itkilərə məruz qalıb. Bunlar həm beynəlxalq, həm də Rusiya bazarlarında baş verən proseslərlə bağlıdır. Bu mərhələdə dünya bazarı, ilk növbədə xammalın, xüsusən də metalların qiymət dəyişiklikləri şəklində Ermənistan iqtisadiyyatı ilə əlaqəlidir. Təsirlər yanvar ayından bəri mənfi olub. İqtisadi vəziyyət pisləşdikcə hökumət vergi ilə ÜDM nisbətində azalma gözləyir. Bu nə deməkdir, bu, kölgə iqtisadiyyatının dərinləşəcəyi deməkdir”. Elə keçmiş baş nazir Qrant Baqratyan da vəziyyətin yaxşı olmadığınl qeyd edir və bildirir ki, Ermənistanda koronavirus epidemiyası ilə bağlı situasiya sadəcə olaraq dəhşətlidir:“Martın 15-də dünyada hər yüz min adama 2 xəstə düşürdü, Ermənistanda isə 0.4 xəstə. Bu gün dünyada hər yüz min adama 46 xəstə düşür, Ermənistanda isə 91. Yəni biz bütün dünyanı ötüb keçmişik”. O qeyd edib ki, Ermənistanda fövqəladə vəziyyət rejimi formaldır. Qrant Baqratyan Gürcüstanı misal gətirib:“Bu gün Gürcüstanda vəziyyət bizdən 7 dəfə yaxşıdır. Az qala 10 milyon əhalisi olan Azərbaycanda isə cəmi 1800-ə yaxın adam yoluxub. Bu gün mən arzu edirəm ki, baş nazir Georgi Qaxariya iki həftəliyinə Ermənistana gəlsin və hökumət başçısı postunu tutsun, göstərsin ki, epidemiya ilə necə mübarizə aparırlar. Biz formal olaraq fövqəladə vəziyyət elan etdik. Səhiyyə naziri heç nə dərk etmədən, nə dediyini anlamadan bildirdi ki, tibbi maska heç nəyi həll etmir. Hakimiyyət gücləndirilmiş rejimə hazır deyil, onlar koronavirusu məmnuniyyətlə, “keflə” dəf etmək istəyirlər. Çində artıq bir neçə həftədir heç kim koronavirusdan ölmür, amma maskasız küçəyə çıxanı cərimələyirlər. Ermənistanda isə heç bir mağaza cərimələnməyib”. Bu durumda “Fitch” reytinq təşkilatı da ermənilərin durumunun ağır olduğunu vurğulayır. Reytinq şirkətinə görə, koronavirusun zərbəsi Ermənistan iqtisadiyyatına mənfi şok təsiri göstərir. Ancaq daha pis olan bunun nisbətən yüksək xarici borc şəraitində baş verməsidir. Şirkət mütəxəssislərinin fikrincə, epidemiya vaxtında idarə olunmasa risqlər daha da dərinləşəcək. Qurumun ekspertləri bildirir:“İkinci bir yoluxma dalğası olarsa və məhdudlaşdırıcı tədbirlər yenidən tətbiq olunarsa, Ermənistanla bağlı iqtisadi və maliyyə proqnozlarımız yenidən mənfiyə doğru dəyişiləcək”. Ermənistan Mərkəzi Bankının proqnozlarına görə, Ermənistanın iqtisadi artımı əvvəlki illə müqayisədə cəmi 0,7% təşkil edərək, demək olar ki, 11 dəfə yavaşlayacaq. İqtisadi fəaliyyətin yavaşlaması isə dövlət büdcəsindən vergi daxilolmalarının toplanmasına da mənfi təsir göstərəcək.
Nahid SALAYEV