Cəbhə xəttində törədilən təxribatlar, həmişəki kimi, işğalçı Ermənistana baha başa gəlir. Hər halda, düşmən tərəfin verdiyi itkilər də bunu aydın şəkildə sübut edir. Elə bu günlərdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi Taron Poqosyan ölüb. Poqosyanın minaya düşərək öldüyü iddia olunur.
Yayılan məlumatlara əsasən, həyatını itirən erməni hərbi qulluqçusu rütbəcə mayordur. Qeyd olunduğu kimi, erməni tərəfi onun "mina partlayışından" həlak olduğunu bildirir, lakin həmin partlayan minanın piyadalar əleyhinə, yoxsa minaatan mərmisi olduğunu dəqiqləşdirmir. Məlumdur ki, son günlər Azərbaycan ordusu cəbhə boyu düşmənin fəallığına cavab olaraq minaatanlar tətbiq edir. Elə bu fonda ehtimal edilir ki, əslində, düşmən hərbi qulluqçusu Azərbaycan ordusunun minaatanlarından endirilən zərbə nəticəsində ölüb. Çünki təmas xətti boyu son günlər işğalçı qüvvələrin xüsusi fəallığı müşahidə olunur və düşmən 60 millimetrlik minaatanları işə salandan sonra Azərbaycan ordusu onların mövqelərinə daha iriçaplı minaatanlarla zərbələr endirib. Söhbət 82 millimetrlik minaatanlardan gedir. Elə erməni mayorun da bu zərbələrə tuş gəldiyi ehtimal edilir. Burada bir mühüm məqamı da xatırlatmaq lazım gəlir ki, ordumuzun yeni döyüş əməliyyatlarına hazırlaşmasına da start verilib. Belə ki, müdafiə naziri Zakir Həsənov bu günlərdə keçirdiyi xidməti müşavirədə düşmənin təmas xətti boyu xeyli fəallaşdığını bildirib və komandirlərə ordunu yeni döyüş əməliyyatlarına hazırlamağı əmr edib. Bunun ardınca Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, prezidentin köməkçisi, Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev, müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətdə yerləşən hərbi hissələrə baş çəkib. Burada da müdafiə naziri bölmələrin daim döyüşə hazır vəziyyətdə olması barədə müvafiq tapşırıqlar verib. Bu tapşırıqlar və cəbhədə ağır artilleriyanın işə salınması isə İrəvan üzündən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların, belə demək olarsa, dalana dirənməsi fonunda baş verir.
Məlumdur ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağa dair ətraf rayonların azad edilməsini də nəzərdə tutan mərhələli həll variantı üzrə danışıqların getdiyinə dair son bəyanatından sonra İrəvan bunu təkzib etmiş, bu istiqamətdə danışıqların olmadığını bildirmişdi. Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Lavrovun bəyanatına cavab olaraq qeyd etmişdi ki, Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonlar “təhlükəsizlik zolağına” aiddir və onların qaytarılmasından söhbət gedə bilməz. Rəsmi Bakı bu bəyanatı danışıqlardan imtina kimi dəyərləndirdi. Məhz bundan sonra cəbhədə vəziyyət gərginləşdi və ordumuza yeni döyüş əməliyyatlarına hazırlaşmaq barədə əmr verildi. Azərbaycan tərəfinini bu addımından sonra erməni tərəfinin, belə demək olarsa, danışıq tonu dərhal aşağı düşdü. Qarabağ danışıqları ilə bağlı parlamentin xarici əlaqələr komissiyasına çağırılan Mnatsakanyan bu dəfə mərhələli nizamlanmanın mümkünlüyünü dilə gətirdi. Düzdür, o iddia edib ki, rəsmi İrəvan heç vaxt “Dağlıq Qarabağ xalqının mövcudluq təhlükəsizliyinə” xələl gətirə biləcək addımlara getməyəcək:“Qarabağ məsələsinin mərhələli nizamlanma planı mümkündür, lakin bu, münaqişənin bütün tərəflərinin uyğun kompromislərini təmin etməlidir”. Onun sözlərinə görə, tərəflərin öhdəliklərinin tarazlaşdırılacağı bir plan tərtib etmək vacibdir:“Tərəflərdən birinin öz mövqelərini zəiflətməsini, digərinin qoruyub saxlamasını nəzərdə tutan qərar qeyri-mümkündür”. Mnatsakanyan qərarın mərhələli və ya paketli olmasının Ermənistan üçün heç bir əhəmiyyəti olmaması barədə fikirlə razıdır. Əsas odur ki, nizamlanma planının icrasında tərəflərin balansı saxlanılsın. Bunlar Mnatsakanyanın əvvəlki fikirlərindən bir qədər fərqlənir. Belə ki, elə ötən həftə o bildirirdi ki, danışıqlarda mərhələli həll planı yoxdur. Eləcə də Ermənistan tərəfi Qarabağın statusu və təhlükəsizliyi məsələsində güzəştə getməyəcək. Amma indi Mnatsakanyan mərhələli həllin mümkünlüyündən danışır. Düzdür, yenə təxribatçı mövqeyindən əl çəkmir, amma artıq mərhələli həllin mümkünlüyünü də dilə gətirir.
Artıq Azərbaycan Xarici İşlər Nazirliyi bu mövqeyə münasibət bildirib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva qeyd edib:"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyimiz bəllidir və dəyişilməzdir". Mnatsakanyanın münaqişənin mərhələli həlli ilə bağlı parlament komissiyasında səsləndirdiyi fikirlərə münasibət bildirən XİN rəsmisi deyib:"Münaqişə BMT Nizamnaməsinin, Helsinki Yekun Aktının prinsiplərinə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq həll edilməli, Ermənistanın silahlı qüvvələri Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxmalı və bu torpaqlardan didərgin salınmış məcburi köçkünlər öz evlərinə geri qayıtmalıdır. Bu məsələdə hər hansı bir əlavə şərhə yer yoxdur". Ekspertlər isə hesab edir ki, Ermənistanın mərhələli həllin mümkünlüyündən danışmasında Bakının son günlərdə xırda hərbi təzyiqi, eləcə də Rusiyanın işğalçının arxasından çəkilməsinin rolu az deyil. Elə politoloq Qabil Hüseynli də məsələyə məhz bu prizmadan yanaşır. Zöhrab Mnatsakanyanın Ermənistan parlamentinin xarici əlaqələr komissiyasında çıxışı zamanı verdiyi bəyanat haqqında danışarkən politoloq vurğulayıb ki, onun bəyanatı bundan öncəki bəyanatlardan fərqli idi:“Mnatsakanyan 10-15 gün öncə qeyd etmişdi ki, torpaqların geri qaytarılmasından söhbət belə gedə bilməz. Lakin indiki bəyanatında “Ermənistan üçün konfliktin həllinin mərhələli və ya paket olacağı vacib deyil. Əsas məsələ həll planının reallaşdırılmasında tərəflərin balansı saxlamasıdır” deyir. Mnatsakanyanın bu bəyanatını Ermənistanın danışıqlara hazır olması kimi qiymətləndirmək olar”. Bununla belə, Q.Hüseynli bildirib ki, Ermənistan danışıqlar prosesində işğal faktını nəzərə almadan davranır:“Ermənistan təkliflərində səmimi deyil. Çünki Ermənistanın danışıqlar prosesində konkret mövqeyi işğalçı ilə işğala məruz qalan bir dövləti eyni mərtəbədən qiymətləndirməkdir. Halbuki, bu mümkün deyil. Azərbaycan işğala məruz qalan ölkədir. Bu, danışıqların ilkin, dayişməz faktıdır. Ermənistan dəfələrlə beynəlxalq hüquqdan danışıb, “xalqların öz müqəddəratını təyin etməsi”ni vurğulayır. Azərbaycan bu hüququ danmır və qəbul edir. Azərbaycan Prezidenti də hər dəfə bu məsələyə toxunaraq deyib ki, biz Ermənistan xalqının öz müqəddəratını təyin etməsinə hörmətlə yanaşırıq. Bu artıq bir dəfə olub və Ermənistan dövləti bu hüququn məntiqi yekunudur. Lakin Azərbaycan torpağında ikinci bir erməni dövləti qəbuledilməzdir. Ermənistan tərəfi bu qədər beynəlxalq hüquqdan danışdığı halda özü beynəlxalq hüququn şərtlərini kobudca pozmaqdadır. Mövcud münaqişə və Ermənistan tərəfinin mövqeyi bunun bariz sübutudur”. Q.Hüseynlinin sözlərinə görə, Mnatsakanyanın bəyanatındakı ritorikaların yumşalmasında Rusiya faktoru var:“Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik müzakirələrin intensivliyi müşahidə olunur. Xüsusilə də Rusiya XİN rəhbəri Lavrovun münaqişənin mərhələli həlli ilə bağlı mövqeyindən sonra Ermənistanın sərt ritorikası buna misal ola bilər. Lavrovun təklifindən sonra İrəvanın reaksiyası adekvat deyildi. Lakin hazırda biz Mnatsakanyanın daha mülayim fonda bəyanatının şahidi oluruq. Aydın məsələdir ki, Mnatsakanyanın danışıq tərzinin dəyişməsində Rusiya faktoru var. Çünki, əslində Lavrovun bu bəyanatı həm də Ermənistana bir ultimatum idi. Faktiki olaraq, Rusiya olmasa və iki ölkə təkbətək qalsa, bunun Ermənistan üçün nəticəsi ağır olacaq. Bunu Ermənistan da bilir. Düşünürəm, sadəcə, Rusiya yenidən bu reallığı Ermənistana xatırladıb ki, Mnatsakanyan bəyanatındakı sərt ritorikanı mülayimləşdirib”.
Erməniyönümlü ekspert kimi tanınan rus siyasi analitik Modest Kolerov da indi Moskvanın İrəvana təzyiqlər tətbiq etdiyini və bunun günahının da elə İrəvanın özündə olduğunu bildirir: “Sergey Lavrovun qazın qiyməti və Qarabağ münaqişəsinin mərhələli həll variantı ətrafında səsləndirdiyi bəyanatlardan sonra erməni tərəfində müzakirələr səngimir. Artıq faktdır ki, Rusiyada Paşinyan hökumətinə, onun apardığı xarici və daxili siyasətə qarşı açıq narazılıq var. Ermənistan qazın qiyməti ilə bağlı məsələ qaldırıb və sual yaranır, niyə bu mərhələdə? Buna görə düşünürəm ki, sual Ermənistana ünvanlanıb. Bu məsələni əvvəllər yox, indi yenidən nəzərdən keçirməyə qərar verən Ermənistana nə olub? Fikrimcə, sual Paşinyana ünvanlanıb. Paşinyanın bəyanatlarını izləyərək Rusiyada aşağıdakı fikirlərə diqqət yetirirlər: Paşinyan hakimiyyəti nə qərbyönümlü, nə də rusiyayönümlüdür. Nə ilə bağlı Paşinyana demək lazımdır ki, onun hökuməti rusiyayönümlü deyil? O nəyi inkar edir? KTMT-yə, yoxsa AİB-ə Ermənistanın üzvlüyünü? O nəyə qarşı mübarizə aparmağa qərar verib, nə baş verib? Yenidən sual bizə ünvanlanmayıb. Amma bu durumda Paşinyan Ermənistanı daha zəif duruma salır. Bu, Qarabağ məsələsində də özünü göstərəcək”. Hesab edilir ki, hadisələr indiki templə davam edərsə, İrəvan yaxın tezlikdə işğal siyasətini yenidən nəzərdən keçirməli olacaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.