“Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündəki giriş nitqində söyləyib.
Ölkə başçısının sözlərinə görə, Azərbaycan koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında çevik və zəruri qabaqlayıcı tədbirlər həyata keçirib: “Mənim sərəncamımla ilin əvvəlində Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Pandemiya dövründə bizim üçün prioritet məsələ insanların sağlamlığı və onların sosial müdafiəsinin təmin edilməsidir. Ölkə ərazisində keçirilməli olan bütün kütləvi tədbirlər təxirə salınmış və ya ləğv edilmişdir. Mart ayının 3-dən etibarən ölkə üzrə bütün təhsil müəssisələrində tədris prosesi tədricən dayandırılmışdır. Martın 14-dən etibarən bir sıra sosial təcrid tədbirlərini əhatə edən xüsusi rejim, martın 24-dən isə xüsusi karantin rejimi tətbiq edilmişdir”.
Prezident onu da qeyd edib ki, həyata keçirilən bütün tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb: “Son üç həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir. Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini Qoşulmama Hərəkatının digər üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır”.
Görünən odur ki, Azərbaycanın bu sahədə əldə etdiyi təcrübədən Qoşulmama Hərəkatının üzvləri istifadə etsə, daha səmərəli nəticələr əldə edə bilərlər.
“Görülən qabaqlayıcı tədbirlər sayəsində virusun geniş yayılmasına imkan verilmədi”
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirli hesab edir ki, Azərbaycan bir sıra ölkələrlə müqayisədə daha səmərəli nəticələr əldə edib: “Məsələ ondadır ki, görülən qabaqlayıcı tədbirlər sayəsində virusun ölkədə geniş yayılmasına imkan verilmədi. Bunun nəticəsidir ki, əhalinin sayına görə baxanda Azərbaycanda koronavirusa yoluxanların sayı elə də çox deyil. Azərbaycanda koronavirus xəstələrinin müalicəsi üçün xüsusi xəstəxanalar ayrılıb. Virusun diaqnostikası, müalicəsi üçün zəruri olan laborator testlər, ən müasir tibbi avadanlıq və ləvazimatlar ölkəyə gətirilib. Sistemli olaraq bu istiqamətdə işlər davam etdirilir. Bütün bu kompleks işlərin nəticəsidir ki, Azərbaycanda sağalan xəstələrin sayı sürətlə artır. Qoşulmama Hərəkatının üzvləri arasında elə ölkələr var ki, orada sosial-iqtisadi inkişaf aşağı səviyyədədir. Bəzi ölkələrdə tibbi imkanlar məhduddur, ya da müasir dövrün tələblərinə cavab vermir. O baxımdan hesab edirəm ki, həmin ölkələr Azərbaycanın koronavirus xəstələrinin müalicəsi sahəsində təcrübəsindən faydalansalar, bu sahədə effektiv nəticələr əldə edə bilərlər”.
Vidadi ORDAHALLI