Pandemiya əleyhinə videokonfrans təşəbbüsü Azərbaycanın dünyada sülh və təhlükəsizliyə real töhfələr vermək iradəsinin növbəti parlaq ifadəsi oldu.
Bunu baki-xeber.com-a eyniadlı saytın və qəzetin baş redaktoru, politoloq Aydın Quliyev deyib. Azərbaycan Prezidentinin hər bir situasiyada unikal təşəbbüslərlə çıxış etməsinə diqqət çəkən politoloq daha sonra bildirir:
“Mübahisəsiz faktdır ki, başqa bütün ölkələr virusla mübarizənin yalnız daxili siyasət müstəvisindəki üsulları üzərində düşündüyü halda, Azərbaycan mübarizənin həm də beynəlxalq əməkdaşlıq formatları çərçivəsində yeni imkanların fəal axtarışlarındadır və çox səmərəli formalar taparaq həyata keçirir. Əvvəlcə türk dövlətlərinin, ardınca isə Qoşulmama hərəkatınin Təmas Qrupunun zirvə konfransını təşkil etmək bir daha sübut etdi ki, ölkəmiz beynəlxalq görüş formatlarının yaradılmasında və həyata keçirilməsində böyük təcrübəyə və gücə malikdir. Ölkəmizin sülhsevər və bəşəri dövlətçilik prinsiplərini həqiqətən daşıdığının nümayişi baxımından "Koronavirusla mübarizə videokonfransları" müstəsna əhəmiyyətə malikdir”. A.Quliyev bildirir ki, bəşəriyyətin koronavirusa tam qalib gələcəyi şübhəsizdir:”Bu qələbəyə bütün dövlətlərin töhfə payının isə heç də bərabər olmayacağı indidən məlumdur. Azərbaycanın dünya üzrə qorxulu virusla mübarizəyə malik olduğu bütün resurslarla dəstək verdiyi göz qabağındadır. Azərbaycan koronavirusla ümumdünya mübarizə işinə misilsiz töhfələr verir. Ölkəmizin adı dünyanın pandemiyalarla mübarizə tarixinə ayrıca və bənzərsiz məzmunla düşdü. Azərbaycan Prezidentinin Koronavirusla mübarizə üzrə vahid Beynəlxalq Məlumat Mərkəzinin yaradılması və BMT Baş Məclisinin pandemiya əleyhinə qlobal videokonfrans keçirməsi təşəbbüsləri ilə çıxış etməsi çox əhəmiyyətlidir və dünyada lazımi dəstəyi alacağı şübhəsizdir”.
Politoloq deyir ki, əslində Prezident Əliyevin bu təşəbbüsləri yeni səmərəli beynəlxalq əməkdaşlıq platformalarının yaradılması prosesinin başlanğıcıdır:”Dünyanın koronavirus üzərində labüd qələbəsində Azərbaycan xüsysi paya haqq etdiyini hamıya göstərdi. Qoşulmama Hərəkatı ölkələrinin videokonfransı Azərbaycanın pandemiya ilə mübarizə modelinə beynəlxalq marağın yeni mərhələsini açdı”. Aydın Quliyev sonda onu da qeyd etdi ki, azı 120 ölkənin Azərbaycanın tətbiq etdiyi mübarizə modelinin müəyyən elementlərindən istifadə etməsi dünya miqyaslı əsaslı dəyişiklik və nəticələr doğura bilər.
Baki-xeber.com