Hakimiyyət Nikol Paşinyanın əlindən çıxır. Artıq öz komandasında birliyi belə təmin edə bilmir, fərqli qüvvələr arasındakı gərginlik pik həddə çatıb, arxasında kölgə hökuməti işləyir və hüquq-mühafizə sistemi havada asılmış uydurma cinayət işlərinə baxmaq iqtidarında deyil. Bu haqda məlumatı Ermənistanın “İrates” qəzeti yazıb.
Qəzet yazır ki, bu vəziyyətdə Paşinyanın yeganə silahı köməyinə gəlir. O, əvvəlki hökumətdən hər şeyi son qəpiyinədək ələ keçirmək istəyir. Buna nail olmaq üçün bu yaxınlarda “qanuni paket” hazırlanmalıdır: “Mənbələrimizə görə, ictimaiyyətin diqqətini ölkədəki çətin vəziyyətdən yayındırmaq üçün Paşinyan tezliklə öz sevimli metodundan istifadə edəcək. Cinayət işlərinin növbəti mərhələsi müxtəlif keçmiş məmurlara qarşı başlayır və “soyğunçular”ın adları, vəsaitin həcmi nə qədər yüksək olsa, ictimaiyyətin diqqəti buna daha çox yönəldiləcək. Bununla yanaşı, hüquq-mühafizə sisteminin yalnız Paşinyanın göstərişləri əsasında “məhkəmə”yə başlamaq üçün artıq gücsüz olduğunu görmək olar, bütün ümidlər Paşinyan və onun sözçüsünün həyət söhbətlərinin səviyyəsindən heç vaxt yüksələ bilməyən ifadələrinə əsaslanır. Təsəvvür edin, baş nazirin sözçüsü öz mənbələrinə istinadən rəsmi açıqlama verir”.
Belə məlum olur ki, Paşinyan hakimiyyəti əlində saxlaya bilmədiyi üçün müxtəlif vasitələrə əl atır. Məqsəd mümkün olan qədər hakimiyyətdə qalma müddətini uzatmağa nail olmaqdır. Bu baxımdan, Paşinyan növbəti dəfə keçmiş məmurları hədəf taxtasına çıxarmaqla ictimayi rəyi ölkədəki əsas problemlərdən yayındırmağa çalışır.
“Ölkə daxilində sosial gərginliyi önləmək üçün keçmiş məmurlara qarşı cinayət təqibinə start verir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyanın hansı addımları atmasından asılı olmayaraq, ölkədə siyasi böhran qaçılmazdır: “Ermənistanda siyasi böhranın dərinləşməsi labüddür. Çünki bu ölkədə siyasi konfiqurasiya çox mürəkkəb və kiriminal siyasilərdən təşkil olunub. Qeyd edim ki, Paşinyanın komandası siyasi kriminallardan və marginallaşmış qruplardan ibarətdir. Onun hakimiyyət komandası monolit deyil. Ölkədə bir-birinə qarşı siyasi dözümsüzlük və cinayət halları baş verir. Paşinyanın cinayət maddələrindən istifadə etməsi əsasən onun ölkədə islahatların davam etdirilməsi üçün manipulyasiya alətidir. Paşinyan ölkə daxilində sosial gərginliyi önləmək üçün keçmiş məmurlara qarşı cinayət təqibinə start verir. Bununla, bir növ, növbəti süni islahatlar görüntüsü yaratmaq məqsədi güdür. Göründüyü kimi, onun islahatlar anonsu buna söykənir. Ermənilərin ondan istədiyi sosial rifah əvəzinə, o yalnız baş qatmaqla məşğul olacaq. Çünki bu ölkənin heç bir iqtisadi potensialı və təbii ehtiyatları yoxdur ki, maliyyə gətirsin. Belə olan təqdirdə biz Ermənistanda daim siyasi vəziyyətin gərgin olmasını və xalqın hakimiyyətə qarşı etirazlarını görəcəyik”.
Vidadi ORDAHALLI