Mahir Hümbətov: “Bəlkə nə vaxtsa bura sirk üçün çox münasib olub, ancaq indi uyğun deyil” “Bu məsələ dövlətin nəzarətindədir”
Bir neçə ildir Bakı Dövlət Sirkinin köçürülməsi məsələsi aktuallaşıb. Dəfələrlə sirkin köçürüləcəyi gündəmə gətirilsə də, bu, rəsmi şəkildə öz həllini tapmayıb.
Mədəniyyət naziri Əbülfəs Qarayev mətbuata “...Düşünürük ki, Bakı Dövlət Sirkinin yerinin dəyişdirilməsinin vaxtı çatıb” - deyə bildirib.
Bakı Dövlət Sirki hara köçürülə bilər?
Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, sirkin köçürülməsi illərdir gündəmdədir, lakin hələ onun hara köçürüləcəyi məlum deyil: “Artıq müəyyən vaxtdır sirkin köçürülməsi ilə bağlı məsələ gündəmdədir. Bir neçə dəfə onun köçürülməsi haqqında danışılıb. Cənab nazir də artıq sirkin yerinin dəyişdirilməsinin reallaşdırılacağını açıqlayıb. Sirkin nə zaman, hara köçürüləcəyi haqqında bizdə heç bir məlumat yoxdur.
Ümumiyyətlə, Bakı Dövlət Sirkinin binası fiziki cəhətdən köhnəlib. Yerləşdiyi ərazi də sirk üçün hazırda münasib deyil. Məsələyə mənim öz subyektiv fikrim belədir ki, bəlkə nə vaxtsa bura sirk üçün çox münasib olub, ancaq indi uyğun deyil. Şəhərimiz günü-gündən inkişaf edir, gözəlləşir, dəyişir, ona görə də sirk üçün daha uyğun bir yerdə bina tikilməlidir. Tutalım, valideynlər gəlib gözləyirlər, onlar üçün gözləmək şəraiti yaxşı deyil, eyni zamanda da bura metroya çox da yaxın deyil, burada ictimai nəqliyyat intensiv hərəkət etmir ki, insanlar rahat gəlib-getsinlər. Bu baxımdan, Bakı Dövlət Sirkinin yerinin dəyişdirilməsi məqsədəuyğundur. Sözsüz ki, bu məsələ dövlətin nəzarətindədir, birbaşa cənab nazirin diqqətindədir. Hesab edirəm ki, sirk üçün yaxşı nədirsə, onu da edəcəklər”.
Qeyd edək ki, Bakı Dövlət Sirki 1945-ci ildə Azərbaycanın ilk milli sirk truppası kimi yaradılıb. Truppa yalnız sirk nömrələrindən ibarət olmayıb və onun tərkibinə estrada və balet artistlərinin çıxışları da salınıb. Ənvər Quliyev, “Ulduz bacıları”, kəndirbaz Əlixan və digər artistlərin çıxışlarından ibarət olan truppa fəaliyyəti dövründə "Zirvədən işıq" adlı proqramla SSRİ ərazisində, Afrika, Asiya, Amerika və Avropa qitələrində daimi qastrollarda olublar.
1967-ci ildə Bakı Dövlət Sirkinin hazırkı binası istifadəyə verilib. Həmin binanın memarları İsmayılov və Leontyev olublar. Tikildiyi dövrdə texniki imkanlarına görə çox müasir sayılan bina memarlıq baxımından bu gün də əksər dünya sirkləri ilə rəqabət aparmağa qadirdir. Bu gün isə, qeyd edildiyi kimi, sirkin binasının köçürülməsi aktuallaşıb.
İradə SARIYEVA