Füzuli Dövlət Dram Teatrı XVIII mövsümünə son günlər rayon ərazisində baş verən hadisə ilə əlaqədar ''Mən Zehrayam" adlı poetik xalq faciəsi ilə yekun vurdu.
Faciə 04 iyul 2017-ci il tarixində Füzuli rayon Alxanlı kənd sakinləri Allahverdiyeva Sahibe İdris qızı və onun nəvəsi iki yaşlı Zəhra Elnur qızının erməni təxribatı nəticəsində faciəvi şəkildə qətlə yetirilməsinə həsr olunub. İlk öncə açılış üçün çıxış edən teatrın direktoru, əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev bildirib ki, bu hadisə bütün Azərbaycan xalqını sarsıtdı. Biz Zəhramıza və ümumillikdə erməni təxribatı nəticəsində qətlə yetirilən 10 minlərlə günahsız soydaşlarımıza ədalət istəyirik. Daha sonra çıxış edən Füzuli rayon İcra başçısının müavini Gülbahar Eyvazova hadisə haqqında qeyd etdi ki, bu hadisə bütün dünya ictimaiyyətinə erməni vandalizminin var olduğunu və hələdə davam etdiyini göstərdi. Zəhra və nənəsi qətlə yetirildiyi gündən bütün nəzərlər Füzuliyə və şəhidlərinə yönəldildi. Beynəlxalq təşkilatların diqqət mərkəzinə alındı. Biz Azərbaycan xalqı olaraq Zəhramızın qisasını istəyirik. Daha sonra teatrın aktyorlarının ifasında 04 iyul şəhidləri anıldı, onların həyat hekayəsi tamaşada əks olundu. Sonda teatrın aktyorlarının dəvəti ilə rayon ərazisində yerləşən baxça uşaqları səhnəyə dəvət olundu. Balaca şəhid Zəhranın dünəni, yaşasaydı bu günü və gələcəyi uşağların çıxışlarında əks olundu.Zəhranın dilindən deyilən şeir və sözlər tamaşaçılarda bir daha düşmənə nifrət hisslərini oyatdı. Tədbir "Biz zəhrayıq" adlı çağrışla sona çatıb.
İradə SARIYEVA