Zülfiyyə Eldarqızı: "Çox təəssüflənirəm ki, bəzən həyatın neqativ halları kinoya, seriallara daşınır" Qiymət Məhərrəmli: "Bəzi seriallarımıza baxanlar bizim haqqımızda nə düşünə bilər?" Təranə Əlizadə: "Axı adam gördüyü, bildiyi hər şeyi sənətə gətirməməlidir" Könül Vaqifqızı: "Yüngül həyat tərzi keçirən qızların həyatını obrazların dili ilə bu qədər reklam etmək olmaz"
Kino şüurlara daha tez təsir edir və insanın daxili aləmini tərpətməyə, dəyişməyə qadirdir. Bir çox hallarda deyirlər ki, kinonun, teleserialın mövzusu həyatdan götürülür. Bəlkə də belədir, amma həyatımız necədirsə, onu bütövlükdə kinoya, seriala gətirmək doğru deyil. Əslində, kino həyatın cilalanmış modelini əks etdirməlidir. Həyatın tam çılpaqlığı ilə serialda, kinoda canlandırılması cəmiyyətdə müsbət reaksiya doğura bilməz.
Son illər Azərbaycan televiziyaları, eləcə də müxtəlif özəl kino şirkətlər müxtəlif film və seriallar çəkir. Bu serialların da bəzilərində Azərbaycan xalqının ailə dəyərlərinə zidd olan bəzi məqamlar əks olunub. Çox təəssüf ki, serialların müəyyən bir hissəsində qadınlarımızı, qızlarımızı daha çox həyasız, ailə dəyərlərinə hörmət etməyən insanlar kimi təqdim edirlər. Sanki kimlərsə bizim ailə dəyərlərinin qəsdinə durur. Azərbaycan qızları bəzi seriallarda kütləvi olaraq tərbiyəsiz, həyasız kimi göstərilirsə, bu anormallıq deyilmi?
"Doğru müşahidə etmisiniz..."
Tanınmış aktrisa, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bir sıra seriallarda maraqlı rollar alan Zülfiyyə Eldarqızı "Bakı-Xəbər"ə bildirdi ki, bu cür təqdimat bütün seriallarda olmasa da, bəzi seriallarda var. Bunun təəssüf doğuran məqam olduğunu vurğulayan Z.Eldarqızının bildirdiyinə görə, Azərbaycan qadınını bu şəkildə təqdim etmək o seriallara kütləvi tamaşaçı gətirmir, əksinə, tamaşaçıları onlara baxmaqdan uzaqlaşdırır: "Son vaxtlar çəkilən seriallar arasında yaxşıları da var. Amma doğru müşahidə etmisiniz, bəzi seriallarda Azərbaycan qızları tərbiyəsiz, həyasız, ailə qanunları ilə razılaşmayan, cəmiyyətin fikrini nəzərə almayan qızlar kimi göstərilir. Bu bir neçə serialda belədir. Bizim qızlar ailədə, cəmiyyətdə tamam başqa cürdür. Onlar həmişə başqa xalqların qızlarına nümunə olub. Amma bu gün qızlarımızın, qadınlarımızın pis yolun yolçusu kimi, ərin, qayınana, qayınatanın üstünə qışqıran qadınlar kimi göstərilməsi yaxşı hal deyil. Qadın qadın kimi təqdim edilməlidir. Mən demirəm ki, cəmiyyətimizdə neqativ hallar yoxdur. Var, özü də bunu hər kəs müşahidə edir. Amma bu neqativliyin tam olaraq seriallara yüklənməsi müsbət hal deyil. Bir də görürsən serialda ana içəri girib qızına deyir ki, qızım, mənə çay ver. Qız elə həyasızlıq edir, səsini atır başına ki, mən niyə süzürəm, özün süz də. Əslində, belə deyil, bizdə analar içəri girəndə qızlar ayağa durur, ananın qayğısına qalır. Yəni tipik Azərbaycan ailəsi belədir. Çox təəssüflənirəm ki, bəzən həyatın neqativ halları kinoya, seriallara daşınır. Ümumiyyətlə, filmdə hər cür obraz olmalıdır, amma o elə şəkildə təqdim edilməlidir ki, mənfi çalarlar yeniyetmə və gənclərə örnək olmasın. Çox zaman yeniyetmə və gənclər müasir serial qəhrəmanlarını özlərinə örnək sayır, xüsusən də qızlar. Bu gün evdə oturan xanımlar, qızlar daha çox seriallara baxır. Orada nə görürlər, onu mütləq təkrar etmək istəyirlər. Yeniyetmə qız baxıb görür ki, serial qəhrəmanı oğlanları əlcək kimi dəyişir, var-dövlətə çatmaq üçün yaşlı kişilərlə görüşür, onda o qızda da bu işə maraq yaranır. Demək istəyirəm ki, serial çəkənlər bu məsələdə diqqətli olsun. Onsuz da həssas bir dönəmdə yaşayırıq. Bir tərəfdən bəzi çürük Avropa dəyərləri cəmiyyətimizə ixrac olunur, digər tərəfdən də qloballaşma dalğası ilə üz-üzəyik. Bu halda mənəviyyatımız daha çox təhlükəyə məruz qalır. Kino ən böyük və təsirli təbliğat mexanizmidir. Onun göstərdiyi təsiri heç nə əvəz edə bilməz".
Z.Eldarqızı, həmçinin, qeyd etdi ki, aktrisa kinoda, serialda hər cür obraz yaratmalıdır. Onun sözlərinə görə, amma aktrisalar gərək elə oynasın ki, təqdim etdiyi obraz vulqar, bayağı görünməsin: "Kino, serial da həyata bağlıdır. Burada da həyatda baş verənlər canlandırılır. Amma bu aşırı olmalı deyil, hər şey çərçivədə olmalıdır. Bəzi seriallara baxanda adama elə gəlir ki, Azərbaycan qızı həyasızdır, sözəbaxan deyil, anasına, atasına hörmət qoymur. Axı bir-iki adamın həyat tərzi bütöv bir cəmiyyətə aid edilə bilməz. Odur ki, ssenari yazılanda bu şeylər diqqətdə saxlanmalıdır. Bütün qadınlar, qızlar yüngül həyata meylli deyil ki. Bizim öz əxlaq ölçülərimiz var.
Yeri gəlmişkən, bu yaxınlarda 22-23 yaşlı gənc bir aktrisanın müsahibəsini oxudum. Bu müsahibə məni çox düşündürdü. Qız deyir ki, bir yaşlı adam var, hədsiz imkanlıdır, mənə onunla yaşamağı təklif edib, mənə ev, maşın, xoş güzəran vəd edib. Əzizlərim, belə təkliflər bir çox aktrisalara edilir, amma bunu gündəmə gətirmək, mətbuata demək olmaz. Bu mənfi bir nümunədir. Bəzi gənc qızlar da bunu oxuyub özünü ona oxşatmaq istəyəcək. Elə məsələlər var ki, onu tam açıqlamağa haqqımız yoxdur. Azərbaycan ailəsinin əsrlərdən bəri formalaşan ənənələri var, onlar da seriallarda əks olunmalıdır. Heç nəyə birrəngli yanaşmaq olmaz".
"İndi küçədə, bazarda hansısa bir qadın..."
Sənətşünas Təranə Əlizadənin fikrincə də bu cür təqdimatlar Azərbaycan qızı və qadını haqqında düzgün rəy formalaşdırmır: "Azərbaycan qadınları, qızları dəyərlərimizə bağlı olub həmişə. İndi bizim içimizdə də düzgün həyat tərzi seçməyənlər var. Bunun kütləvi olaraq bəzi seriallarda göstərilməsi tamaşaçıları çox narahat edir. Azərbaycan qızı, qadını həyasız deyil. İndi küçədə, bazarda hansısa bir qadın həyasızlıq edirsə, onun on-on beş qadının timsalında verilməsi nə dərəcədə doğrudur? Ssenaristlər və kinorejissorlar diqqətli olmalıdır. Bəzən deyirlər ki, gördüyümüzü çəkirik. Axı adam gördüyü, bildiyi hər şeyi sənətə gətirməməlidir".
"Seriallar daha çox baxımlı olmalıdır"
Filologiya elmləri üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin sözlərinə görə isə, seriallar ardıcıllığı əks etdirdiyi üçün, tamaşaçılar onları daha həyəcanla izləməlidir. Onun dediyinə görə, bizdə bəzi serialları çıxmaq şərtilə, hələ tamaşaçıya müsbət mənada təsir edən seriallar çəkilmir: "Mən bizim seriallara adətən baxmıram. Baxanda da çox əsəbləşirəm. Yaxşı seriallar da var, ancaq çox azdır. Sizin sözünüzə qüvvət, bəzən maraq üçün oturub seriallara baxıram, deyirəm ki, görüm nədər bəhs edir. Əvvəla ssenari həddən artıq zəif olur. Baxan kimi hiss edilir ki, onu qeyri-peşəkar yazıb. Rejissor işi də o qədər də güclü olmur. Yük düşür aktyor və aktrisanın üzərinə. Ondan tələb olunur ki, həyasızlıq etməlisən, qara-qışqırıq salmalısan, obrazını bazar arvadı kimi təqdim etməlisən. Filmdə həyasız qadının da obrazı olmalıdır. Bu təbiidir. Kinonun, serialın mövzusu havadan yox, həyatdan götürülür. Amma qadın obrazlarının böyük əksəriyyətini səviyyəsiz, həyasız, ailəsinə xəyanət edən qadınlar kimi göstərmək düzgün deyil. Bilirsiniz, bizim ailə dəyərlərimizin tələbləri pozulmamalıdır. Bu gün Azərbaycan qadını dişi-dırnağı ilə balasına çörək pulu qazanır, ailəsini saxlayır, ocağını sönməyə qoymur. Pis yola düşməyib süpürgəçilik edən, evlərdə təmizlik işi görən nə qədər gənc qız və qadınlarımız var. Bunlar bir örnək deyilmi? Azərbaycan xanımları həmişə zəhmətkeş olub. Bu gün bəzi qızların yüngül həyat tərzi keçirməsi o demək deyil ki, bütün qızlar belədir. Məncə, bu məsələdə diqqətli olsalar yaxşı olardı. Serialı elə çəksinlər ki, ona ailə ilə oturub baxa bilək. Nə qədər başqa xalqların film və seriallarına baxacağıq. Əslində, seriallar daha çox baxımlı olmalıdır".
"Bizə xaricdə də baxırlar"
Q.Məhərrəmli onu da vurğuladı ki, bu gün Azərbaycan televiziyalarına dünyanın bir sıra ölkələrində baxılır. Seriallar elə çəkilməlidir ki, xaricdə oturan tamaşaçılar bizim haqqımızda pis fikirdə olmasın: "Bu seriallar telekanallarda göstərilir. Ona da az qala dünyanın yarısı baxır. Bəzi seriallarımıza baxanlar bizim haqqımızda nə düşünə bilər? O qədər ağrılı mövzularımız var ki... Ailə-məişət mövzusu da olsun, amma onu normal şəkildə təqdim etsinlər. Bu fikirləri söyləməklə heç də görülən uğurlu işlərin üstündən xətt çəkmək istəmirəm. Amma mövzu seçimində, eləcə də obrazların təqdimatında nöqsanlar var, onlar təkrar edilməməlidir. Eyni zamanda da Azərbaycan serialları dünyaya çıxmalıdır. Bunu xalqımızın qız və qadınlarını aşağı səviyyədə təqdim etməklə həyata keçirmək olmaz. Baxın Türkiyə, Rusiya seriallarına, görün nə qədər maraqlıdır. Onlarda müsbət obrazlar daha çoxdur. Serialların içində həyat tərzlərini, adətlərini, milli dəyərlərini elə incə şəkildə təqdim edirlər ki, adam məəttəl qalır. Türkiyədə gənclər haqqında nə qədər serial çəkilir. Bu serialların çox böyük tərbiyəvi əhəmiyyəti var. Gənc aktyor və aktrisalar da çox təbii oynayır. Onların təqdim etdiyi məhəbbət səhnələri həm ülvilik aşılayır, həm də səmimidir. Bizdə yaxşı seriallar var, onların sayı daha da çox olmalıdır".
"Azərbaycan qadınının bu şəkildə təqdim edilməsi..."
Psixoloq Könül Vaqifqızının sözlərinə görə, vizual sənətdə əks olunan istənilən ideya gənclərin və yeniyetmələrin şüuraltında özünə yer tutur: "Serial qəhrəmanları həmişə gənclər üçün örnək olub. Yadınıza gəlirsə, bir vaxtlar ölkəmizdə Latın Amerikası serialları dəb idi. Bəzi qızlar özlərini o serialların qəhrəmanlarına bənzədirdi. Bu gün bizdə çəkilən serialların bəzilərində Latın Amerikası seriallarının təsirini duyuram. Azərbaycan qadınının bu şəkildə təqdim edilməsi düzgün deyil. Bu, gənclər üçün pis nümunədir. Yüngül həyat tərzi keçirən qızların həyatını obrazların dili ilə bu qədər reklam etmək olmaz. Bununla gənclərin mənəvi-əxlaqi tərbiyəsinə ziyan vururuq. Diqqətli olsaq yaxşıdır. Narkotiki, fahişəliyi, həyasızlığı, ailə dəyərlərinə hörmətsizliyi ekranlara sıx-sıx gətirdikcə, əslində, onları tənqid və ifşa obyektinə çevirmirik, bu mənfi halları təbliğ etmiş oluruq".
İradə SARIYEVA