"Naxçıvan İlandağ mixiyazılı kitabəsi tərcümə olunaraq nəşr edilib və dünya akademik elmi səviyyələrində bu tərcümə təsdiq edilib. İndi bu məsələ barəsində dedi-qodu xarakterli söz-söhbəti uzatmağın heç bir mənası yoxdur. Hazırda əsas iş arxeoloqların üzərinə düşür, yəni bu kitabə tapıldığı ətraf ərazilərdə ciddi arxeoloji kəşfiyyat işlərinin aparılması. Nəticədə bu fəaliyyət sahəsi Naxçıvanın qədim tarixinin bərpa olunmasına xidmət edər". Baki-xeber.com-un məlumatına görə, bunu AMEA-nın Tarix və Etnologiya İnstitutunun elmi işçisi Ramin Əlizadə özünün Feysbuk səhifəsində bildirib. R. Əlizadə qeyd edib ki, Naxçıvanda İlandağ mixiyazılı kitabəsini 600-dən artıq mixiyazılı kitabəni oxuyub Roma CNR Yayınlarında 2008-2012-ci illərdə 4 cildlik "Corpus Texte Urartae (CTU)" başlıqlı korpus halında nəşr edən tanınmış italyan urartuşünas alimi filoloq Mirjo Salvinidir. "Onun müəllifi olduğu transliterasiya mətninin Azərbaycan dilində tərcüməsini də ilk dəfə mən öz məqaləmdə olduğu kimi vermişəm, hətta Puluadi ölkəsindən bəhs olunan 2-ci kitabənin - II Sardurinin Segendel mixiyazılı kitabəsinin Azərbaycan dilinə tərcüməsini də həmin məqaləmdə vermişəm. İndiyədək Azərbaycanda bir Urartu mixiyazılı kitabəsi oxuyub tərcümə etməyən hər kimsə durub ömrünü bu dildə olan mətnlərin tərcüməsinə, həmçinin Urartu tarixinin və mədəniyyətinin araşdırılmasına həsr etmiş Mirjo Salvinin tərcüməsinə "irad" bildirirsə, vallah deməyə söz qalmır... Azərbaycanda istənilən alimlə Urartu mövzusunu müzakirə etməyə hazıram, təəssüf ki, bu sahədə dərinləşmiş alim yoxdur..."-deyə R. Əlizadə qeyd edib.
İradə SARIYEVA