Türkiyə şirkəti Qara dənizdə gəmilərə hücuma görə, Ukraynanı Beynəlxalq Məhkəməsyəverməyə hazırlaşır. Türkiyə mediası yazır ki, "Mv Reyhan Sarı" gəmisinin sahibi olan “T and O Shipping Company”, Ukrayna hökumətinə və Ukrayna Müdafiə Nazirliyinə qarşı Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa, Hollandiya) şikayət edəcək.
22 iyulda Rusiyanın Taman limanından kömür yükləyərək Trabzona gedən Türkiyə bayrağı altında üzən yük gəmisi Ukrayna qüvvələri tərəfindən pilotsuz uçuş aparatları (PUA) ilə vurulub.
Novorrossiysk sahillərində iki ayrı dron hücumuna məruz qalan "MV Reyhan Sarı" gəmisində heyət üzvləri yaralanıb, gəminin bir heyət üzvü - 54 yaşlı Savaş Çakır isə həyatını itirib.
Ekipaj Sahil Mühafizəsinin helikopterləri ilə Samsuna aparılıb. Zədələnmiş gəmi isə Trabzon sahillərində lövbər salıb.
Rusiyanın 2022-ci ilin fevral ayında Ukraynaya hücumu ilə başlayan və dörd ildən çoxdur davam edən Avropa tarixinin ən qanlı müharibəsi Qara dənizdə ticarətə də ciddi təsir göstərir.
Qara dənizdə gəmilərin hərəkətinin dayandığını deyən “T and O Maritime Company” şirkətinin vəkili Nuri Koray Kurun, bu günə qədər 150-dən çox gəmiyə hücum edildiyini , xüsusən də kapitanların və heyətin olduğu bölmələrin hədəf aldığını iddia edib: "Bir çox dənizçi həyatını itirib və ya işləyə bilməyəcək qədər yaralanıb. Təkcə maddi itkilər deyil, həm də insan itkisi var. Beynəlxalq ictimaiyyətin diqqətini bu məsələyə çəkmək üçün bu ərizəni təqdim edəcəyik" .
Kurun Ukrayna kimi müharibənin digər tərəfi olan Rusiyaya qarşı da şikayət ərizəsi verib-verməyəcəkləri ilə bağlı sualıda cavablandırıb: "Biz yalnız Ukraynaya qarşı şikayət ərizəsi verəcəyik. Çünki “Mv Reyhan Sarı” gəmisinə edilən hücum da Ukrayna Müdafiə Nazirliyinin X hesabından paylaşılıb".
Qeyd edək ki, Rusiya da müxtəlif vaxtlarda Qara dənizdə mülki gəmilərə qarşı hücumlar həyata keçirib və bu hücumları onların "Ukraynaya silah və sursat daşıması" ilə əsaslandırmağa çalışıb.
Tahir TAĞIYEV