Ermənistan 2026-cı ilin dekabr ayına qədər Avropa İttifaqına qoşulmaq və ya Avrasiya İqtisadi Birliyində (AİB) qalmaqla bağlı milli referendum keçirməyə qərar verməlidir. Həmin vaxt İrəvanla bağlı mümkün əlavə addımlar məsələsi AİB üzv dövlətlərinin dövlət başçılarının görüşündə müzakirə olunacaq.
Bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Aydındır ki, əgər referendum çağırışına həmin vaxta qədər reaksiya verilməsə, liderlər müvafiq birgə addımları müəyyən edərkən bu faktı nəzərə alacaqlar", - deyə o qeyd edib.
Rusiya xarici işlər nazirinin müavini xatırladıb ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan prezidentlərinin 29 mayda Ermənistanın Avropa istəkləri ilə bağlı birgə bəyanatında həmin ölkədə AB-yə qoşulmaq və ya AİB-in tərkibində qalmaqla bağlı mümkün qədər tez bir zamanda milli referendum keçirilməsinin zəruriliyindən bəhs olunur, lakin konkret tarix göstərilmir.
Tahir TAĞIYEV