Məhəmməd Əsədullazadə: “Bu Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinə dəstəyinin ifadəsidir”
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan birlikdə ABŞ Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər.
Bu barədə ABŞ, Ermənistan və Azərbaycanın Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı yaydığı birgə bəyanatında deyilir.
"Bir il əvvəl Prezident Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birlikdə Ağ Evdə tarixi Sammitə ev sahibliyi edib və Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan sülh üçün Birgə Bəyannamə imzalayıblar. Üç liderin şahidliyində Ermənistan və Azərbaycanın xarici işlər nazirləri tərəfindən “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Sülhün və Dövlətlərarası Münasibətlərin Təsis Edilməsi haqqında Saziş” layihəsi paraflanıb. Bu birinci ildönümdə ölkələrimizin birlikdə əldə etdiyi nailiyyətlərə görə dərin qürur hissi keçirir və onilliklər boyu davam etmiş münaqişəyə son qoyan, Cənubi Qafqazı daha firavan gələcəyə doğru aparan bu təməl üzərində irəliləmək əzmindəyik. Sülhün təmin olunması istiqamətində bu tarixi və mühüm səylərə verilən yüksək qiymətin ifadəsi olaraq, Prezident Əliyev və Baş nazir Paşinyan birlikdə Prezident Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürüblər", - Bəyanatda deyilir.
Poltoloq Məhəmməd Əsədullazadə baki-xeber.com-a bildirdi ki, keçən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ABŞ prezidenti Donald Trampın iştirakı ilə iki ölkə arasında siyasi əlaqələrin qurulması, sülh müqaviləsinin imzalanması və sair istiqamətlərdə olan sənədləri təsdiqlədilər, sülh müqaviləsinin mətni paraflandı. “Bunu uzun illərdən sonra Cənubi Qafqazı sülhün təməlinin atılması istiqamətində ABŞ prezidentinin vasitəçiliyinin nəticəsi kimi xarakterizə etmək olar. Təbii ki, Donalt Trampın sülh səyləri ortaya qoydu. O digər ABŞ prezidentlərindən fərqli olaraq monpulativ siyasət aparmayaraq prinsipial və praqmatik siyasət sərgilədi. Nəticəsə ABŞ ədalətli vasitəçilik missiyasını həyata keçirdi. Bu da Cənubi Qafqazda dayanıqlı sülhün inkişafına və regionda təhlükəsizliyin təməlinin qoyulmasına gətirib çıxardı. Bununla yanaşı TRIPP-Zəngəzur dəhlizinin açılması istiqamətində də razılaşma əldə olundu. Şübhəsiz ki, Cənubi Qafqazda sülhün təməlinin qoyulmasında, iki dövlət arasında vasitəçilik missiyasını yerinə yetirilməsində oynadığı rola görə Azərbaycan və Ermənistan kliderləri Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdülər. Təbii ki, bu Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinin regionda yaratdığı sülh reallığına verdiyi böyük qiymətin təzahürüdür”.
M.Əsədullazadənin fikrincə, Azərbaycan və Ermənistan liderləri bununla Trampın Cənubi Qafqazda sülhün bərqərar olması istiqamətində verdiyi töhfələrə verdiyi dəyərdir. “Azərbaycan və Ermənistan liderlərinin Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürməsi tarixi hadisədir. ABŞ prezidentinə Nobel Sülh Mükafatının verilib verilməməsi isə artıq Nobel komissiyasından aslıdır. Düşünürəm ki, məhz Azərbaycan Ermənistan arasında sülh istiqamətində oynadığı vasitəçilik roluna görə Trampa Nobel mükafatı verilə bilər. Bu da Azərbaycan və Ermənistan liderlərinin ABŞ prezidentinə dəstəyinin ifadəsidir”-deyə M.Əsədullazadə qeyd etdi.
İradə SARIYEVA