Cənubi Koreya Xarici İşlər Nazirliyi bildirib ki, Seul Ukraynaya yalnız humanitar yardım göstərməyə davam edəcək və Ukrayna Prezidenti Zelenskinin Rusiyaya əlavə Şimali Koreya qoşunlarının göndərilməsi ilə bağlı xəbərlərə baxmayaraq, ölümcül silahlar və ya hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırmır.
"Cənubi Koreyanın istənilən ölkəyə müdafiə materialları tədarükü həmişə daxili qanunvericiliyə uyğun olaraq həyata keçirilib. Hökumət Ukraynaya enerji, infrastruktur, səhiyyə və təhsil də daxil olmaqla müxtəlif sektorlarda dəstək təklif edib və Ukraynanın sülhü bərpa etməsinə və yenidən qurulmasına kömək etmək üçün tədbirləri nəzərdən keçirməyə davam edəcək" – deyə Cənubi Koreya XİN-in yüksək vəzifəli məmuru bildirib.
Cənubi Koreya rəsmisinin bu sözləri Zelenskinin daha dərin əməkdaşlığa və Ukraynaya çox ehtiyac duyulan müdafiə avadanlıqlarının təmin edilməsinə çağırışlarına cavab olaraq edilib. Bu çağırışlar 30-50 min arasında Şimali Koreya əsgərinin Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Rusiyaya göndərildiyi barədə xəbərlər fonunda səslənib.
Cənubi Koreya rəsmisi Zelenskinin məsələ ilə bağlı diplomatik danışıqlar və ya Şimali Koreya qoşunlarının əlavə yerləşdirilməsi ilə bağlı şərhlərini təsdiqləməkdən imtina edib.
Bu arada, rəsmi şəxs Şimali Koreya ilə Rusiya arasında hərbi əməkdaşlığın Cənubi Koreyanın təhlükəsizliyi ilə birbaşa əlaqəli olduğunu və BMT-nin qətnamələrini pozduğunu vurğulayıb: "Hökumətimizin mövqeyi budur ki, bu əməkdaşlıq dərhal dayandırılmalıdır. Biz məsələni yaxından izləyirik".
Tahir TAĞIYEV