Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin TASS agentliyinə bildirib ki, Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsi məsələsi təşkilatın 11 noyabrda keçiriləcək sammitində nəzərdən keçirilə bilər.
Qaluzin qeyd edib ki, təşkilatın üzvlərindən birinə qarşı mümkün məhdudlaşdırıcı tədbirlərlə bağlı hər hansı bir qərar, qurumun nizamnaməsinin müddəalarına əsasən belə qərarlar qəbul etmək hüququna malik Kollektiv Təhlükəsizlik Şurasının (üzv dövlətlərin dövlət başçıları da daxil olmaqla) səlahiyyətlərinə daxildir.
Onun sözlərinə görə, KTMT Nizamnaməsi beynəlxalq müqavilədir və hər bir üzv dövlətin KTMT orqanlarının fəaliyyətini maliyyələşdirmək öhdəliyi də vicdanla həyata keçirilməlidir
"İrəvanın təşkilatın işində iştirak etməkdən imtina etməsi və büdcəsi ilə bağlı illik qərarları imzalamaması sadəcə öz hüququnu həyata keçirməməsi deməkdir, lakin bu Ermənistanın milli töhfəsini vaxtında ödəmək öhdəliyini ləğv etmir", - deyə diplomat qeyd edib.
"İnstitusional effektivliyin qorunması prinsipinə əsaslanaraq, istənilən beynəlxalq təşkilatın təsis sənədlərində nəzərdə tutulduğu kimi, bu vəziyyət üçün prosedurları var. KTMT də istisna deyil", - deyə Rusiya xarici işlər nazirinin müavini bildirib.
Tahir TAĞIYEV