ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında danışıqların növbəti mərhələsi sentyabrın əvvəlində Romada keçiriləcək. Bu barədə ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmisi Qətərin "Əl-Cəzirə" televiziya kanalına verdiyi açıqlamada bildirib. ABŞ rəsmisi deyib ki, "ABŞ-ın vasitəçiliyi ilə Livan və İsrail arasında danışıqlar gələn ayın əvvəlində Romada davam edəcək. Məsləhətləşmələrin irəliləyişi müsbət olaraq qalır və heç kim razılaşmanın həyata keçirilməsini gecikdirmir". Onun sözlərinə görə, tərəflər siyasi məhdudiyyətlər və daxili təzyiqlə üzləşirlər ki, Vaşinqton bunu “sistemli şəkildə həll etməyə çalışır". ABŞ Dövlət Departamentinin rəsmisi həmçinin şiə hərəkatı Hizbullahın danışıqlar prosesini pozmağa çalışdığını iddia edib. O əlavə edib ki, hərbi koordinasiya qrupu ilk pilot zonaların yaradılması üzərində işləməyə davam edəcək. Daha əvvəl "Əl-Məyadin" televiziyası diplomatik mənbəyə istinadən bildirib ki, növbəti mərhələdə məsləhətləşmələr payıza qədər baş tutmayacaq və ölkələr arasında birbaşa əlaqələr hazırda istisna olunur. Onun sözlərinə görə, 4-6 avqust tarixlərində Romada keçirilən yeddinci danışıqlardan sonra Amerika və İsrail tərəfləri artıq razılaşdırılmış iki ərazidə irəliləyiş əldə olunana qədər Livanın təklif etdiyi "pilot zonalar"ın genişləndirilməsindən imtina ediblər. 26 iyunda Livan və İsrail ABŞ-ın himayəsi altında Vaşinqtonda keçirilən beş danışıqdan sonra çərçivə sazişi imzalayıblar. Sazişə əsasən, Livan silahlı qüvvələri ölkənin bütün ərazisi üzərində tədricən nəzarəti bərpa etməlidir. Saziş İsrail qoşunlarının təxliyə ediləcəyi "pilot zonalar"ın yaradılmasını nəzərdə tutur. İyulun sonlarında Livan ordusunun ölkənin cənubundakı ilk "pilot zona"ya yerləşdirilməsinə başlanıb.
SAMİRƏ