Kolumbiyada baş verən güclü zəlzələ nəticəsində azı 132 nəfər ölüb, daha 570 yaralı var. Ölkənin bir çox şəhərində komendant saatı tətbiq edilib.
ABŞ Geoloji Xidməti (USGS) dünən Kolumbiyanın qərbindəki San Jose del Palmar şəhərindən təxminən 5 kilometr şərqdə 7,4 bal gücündə zəlzələ baş verdiyini açıqlayıb.
Açıqlamada zəlzələnin dərinliyinin 107 kilometr olduğu bildirilir.
Milli medianın məlumatına görə, zəlzələdən ən çox zərər çəkən Pereira, Kali, Quibdo, Manizales və Armenia şəhərlərində qırmızı həyəcan siqnalı verilib və təhlükəsizlik səbəbi ilə bu şəhərlərdə komendant saatı tətbiq edilib.
Ölkənin üçüncü ən böyük şəhəri olan Kalidə bəzi yollar dağılıb və 10 xəstəxana zəlzələ səbəbindən xidmət göstərmir. Paytaxt Boqota və Medelindən axtarış-xilasetmə qrupları dəstək göstərmək üçün bölgəyə göndərilib.
Kalidə də komendant saatı elan edilib. Kali meri Alexandro Eder talançılığın qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün komendant saatı elan edib və bildirib ki, bu qərar təcili yardım və xilasetmə qruplarının daha təhlükəsiz və sürətli işləməsinə imkan yaratmaq məqsədilə verilib.
Tahir TAĞIYEV