Yazıçı-publisist Yunus Oğuzun "Attila” kitabı rus dilində işıq üzü görüb. Redaktoru Oksana Bulanova olan kitab rus dilinə Əli Səidov tərəfindən tərcümə olunub. Trend xəbər verir ki, kitabda qeyd olunur ki, yazıçı-publisist Y.Oğuz müasir dövrümüzdə ən məşhur janrlardan olan tarixi mövzularda əsərlər yazmaqla qədim türk tarixini təbliğ edir.
Kitabda türk sərkərdəsi Attilanın idarəçilik metodundan, güclü sərkərdəliyindən, qazandığı qələbələrdən geniş söhbət açılır və oxuculara məlumat verilir.
xxx
İşıq üzü görən digər bir nəşr isə fəlsəfə üzrə fəlsəfə doktoru, ədəbi tənqidçi Sabir Bəşirovun "Yunus Oğuz: Elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti” adlı kitabıdır.
Kitabda Yunus Oğuzun "Attila”, "Nadir şah”, "Təhmasib şah”, "Əmir Teymur”, "Şah arvadı və Cadugər” əsərlərinə toxunan müəllif qeyd edir ki, Yunus Oğuz hər bir əsəri ilə bir dövrə, hadisələrə aydınlıq gətirir. S.Bəşirov təəssüf hissi ilə qeyd edir ki, Yunus Oğuz kimi tarixi dərindən bilən, həm də bədii təfəkkürlü yazıçılarımız demək olar ki, yoxdur: "80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi, tarixi əsərlər müəllifi, yaş etibari ilə ən cavanı Yunus Oğuz o yazıçılardandır ki, sakitcə, hay-küysüz, ilk mənbələr əsasında, böyük zəhmət hesabına bir-birinin ardınca çox qiymətli tarixi əsərlər yazır”.