Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Ağcabədi rayon sakini E.Həsənov iyunun 27-də saat 22 radələrində D.Əliyeva küçəsində 2 nəfərin onu bıçaqla hədələyib içərisində 140 manatı, 100 ABŞ dolları və tələbə bileti olan pulqabısını aldıqlarını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə quldurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Hüseyn Musayev və Əziz Musayev olduqları məlum olub və digər analoji cinayət əməllərinin də üstü açılıb. Onların iyunun 21-də axşam saatlarında Səbail rayonu ərazisində Bakı şəhər sakini M.Nəsirovun 48 manatını quldurluq yolu ilə aldıqları da müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı