Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində məişət obyektlərindən oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanıb.
Belə ki, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 26-da rayon ərazisindəki kafelərin birindən 3 ədəd soyuducu, 3 ədəd elektrik sobası və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən 2 nəfər saxlanıb. Araşdırmalarla onların Bakı şəhər sakinləri Murad Ağayev və əvvəllər oğurluğa görə məhkum olunmuş, həmçinin borclu şəxs qismində axtarışda olan Rasim Abdulrəhmanov olduqları müəyyən edilib.
Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində iyunun 13-də rayon ərazisindəki çay evlərinin birindən 1700 manat pul, tütün məmulatı və müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Həsən Babayev və Ağdam rayon sakini Cəsarət Əliyev saxlanıb.
Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən mağazaların birindən dəmir qapı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa və qəsdən sağlamlığa az ağır zərər vurmaya görə məhkum olunmuş Akif Cabbarov saxlanıb. Ətrafında aparılan tədbirlərlə onun şəhər ərazisində 2 həyətdən su sayğacı, bir zirzəmidən isə kondisioner oğurladığı da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı