Respublikanın daxili işlər orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 25-də ümumi çəkisi 3 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək dövriyyədən çıxarılıb.
Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Teymur Babaşovdan çəkisi 2 kiloqram 20 qram olan heroin aşkar edilib.
Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Aşağı Tala kənd sakini Tural Yunusov 16,7 qram marixuananı satarkən cinayət başında yaxalanıb. Davam etdirilən tədbirlərlə onun narkotiki əldə etdiyi mənbə də müəyyən edilib və narkotiki ona satmış həmkəndlisi Samir Atayev saxlanıb. Əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən 337,3 qram marixuana aşkar edilərək götürülüb.
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanan şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Hacıyevdən isə 380 qram marixuana aşkar edilib.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı