Respublika daxili işlər orqanlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da ümumi çəkisi 7 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan Bakı şəhər sakini Məmməd Cəfərovdan 6,75 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun idarə etdiyi “VAZ-2121” markalı avtomobildən isə əlavə olaraq 5 kiloqram 185 qram marixuana aşkar edilib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanan Bakı şəhər sakini Rəhman Əmirovdan 495 qram həşiş və 0,156 qram heroin götürülüb.
Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Cəmil Məmmədovdan 100,372 qram, yaşadığı evdən isə 1 kiloqramdandan artıq tiryək aşkar edilərək götürülüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı