Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə paytaxt ərazisində məktəbdən, kompyuter salonlarından oyun və məişət əşyaları, yol kənarlarından elektrik avadanlıqları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanıb.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Qaraçuxur qəsəbəsindəki orta məktəblərin birindən kamera, modem, kameranın yaddaş bloku və kompyuter oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakinləri Elməddin Camalov və Cəlilabad rayon sakini Fərid Əliyev saxlanıb.
Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən martın 17-də Zabrat qəsəbəsi ərazisindəki oyun salonundan 7 ədəd oyun aparatı və 10 ədəd pult oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Zöhrab Hüseynov və Ramiz Qarayev saxlanıb.
Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşları tərəfindən görülmüş tədbirlərlə martın 5-də rayon ərazisindəki kompyuter salonundan 3 ədəd oyun aparatı və 3 ədəd televizor oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Elməddin Səfərəliyev saxlanıb.
Suraxanı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bülbülə qəsəbəsi ərazisində yolun kənarındakı divara quraşdırılmış 105 ədəd lampanı və 240 metr elektrik naqilini oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Vadim Biknyayev və Siruz Hacıyev saxlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb. Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı