Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində martın 17-18-də ümumi çəkisi 36 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə, o cümlədən 3 kiloqramdan çox heroin, 6 kiloqramdan artıq tiryək, 26 kiloqram isə marixuana götürülərək dövriyyədən çıxarılıb.
Belə ki, daxil olmuş məlumat əsasında Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan Xocəsən qəsəbə sakini Taleh Şükürovdan tiryək və heroin aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan artıq heroin, 6 kiloqram 100 qram tiryək və 13 kiloqram 850 qram marixuana aşkar edilib.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Haşımovdan 1 kiloqram 10 qram heroin aşkar edilib.
Səbail Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Həsən Səfərov saxlanıb, ondan 12 kiloqram 250 qram marixuana götürülüb.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı