Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.
Yanvarın 15-də Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bankə qəsəbə sakini Ruslan Təhməzov saxlanıb. Baxış zamanı onun üzərindən 1,2 qram həşiş aşkar edilib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun evinə də baxış keçirilib, oradan əlavə olaraq 30,5 qram həşiş, həyətindəki yardımçı təsərrüfatdan isə “AKM” markalı silah və içərisi patronla dolu 2 patron darağı aşkar edilərək götürülüb.
Ötən gün həyata keçirilən əməliyyat tədbirləri ilə Sabirabad, Ağdaş və İmişli rayon polis şöbələrinin əməkdaşları tərəfindən vətəndaşlardan müvafiq sənədləri olmayan ümumilikdə 5 ədəd - 2 ədəd “TOZ-16”, 1 ədəd “BUM”, 1 ədəd “Tula” və 1 ədəd “İJ” markalı tüfənglər götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Səftər Talıbov “İJ-16” markalı tüfəngi 42-ci Polis Bölməsinə təhvil verib.
Silahlar aidiyyəti üzrə təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı