Ötən gün polis əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat tədbirləri uğurla nəticələnib, nəticədə 2 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Əzimov saxlanıb. Baxış zamanı ondan 510 qram heroin aşkar edilərək götürülüb.
Bakı şəhər sakini Yaqub Yunusov isə Sabunçu Rayon Polis İdarəsi 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanıb. Üzərinə baxış zamanı 400 qram marixuana aşkar edilib.
Həyata keçirilən əməliyyat tədbirləri ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Elbrus Orucovdan 205 qram marixuana, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, şəhər sakinləri, əvvəllər məhkum olunmuş Seymur Talıbovdan 120 qram, qardaşı, əvvəllər məhkum olunmuş Kəmaləddindən 114 qram tiryək götürülüb. Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini, əvvəllər məhkum olunmuş Səbuhi Musayev saxlanıb, ondan 483 qram marixuana götürülüb.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb, istintaq-əməliyyat tədbirləri aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı