Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt sakini, əvvəllər məhkum olunmuş Oğuz Babayev saxlanıb. Polis İdarəsində üzərinə baxış zamanı ondan külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb. Ekspertizaya təqdim olunan həmin narkotik maddənin ümumi çəkisinin 2 kiloqram 100 qram yüksək psixotrop təsirə malik heroin olması barədə rəy verilib. Saxlanan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib. Araşdırma zamanı O.Babayevin narkotik vasitələrin aludəçisi olduğu müəyyən edilib. O, ifadəsində külli miqdarda heroini satıb gəlir əldə etmək və şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirib.
Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.