Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən Xırdalan şəhər sakini olan bir qadın mobil telefonunun oğurlandığını bildirib.
Araşdırmalarla qadının “Samsung Galaxy S6” markalı telefonunun metronun “Elmlər Akademiyası” stansiyasında qatara minərkən gödəkçəsinin cibindən oğurlandığı məlum olub.
Faktla bağlı cinayət işi başlanıb.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları tərəfindən oğurluğun 3 nəfər tərəfindən törədildiyi müəyyən edilib. Görülmüş tədbirlərlə şübhəli bilinən şəxslər saxlanıb.
Araşdırmalarla onların Elnur Hüseynov, əvvəllər məhkum olunmuşlar Emil Məmmədov və Əli Həsənov olduqları məlum olub. Saxlanılanlar bu əməli narkotikin təsiri altında etdiklərini və oğurladıqları həmin telefonu satdıqlarını etiraf edib.
Davam etdirilən əməliyyat tədbirləri ilə onların narkotik vasitəni əldə etdikləri mənbə də qısa zamanda müəyyən edilib və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Zaur Əzizov da Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıb. Baxış zamanı onun üzərindən 10 bükümdə narkotik vasitə olan heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Onların digər cinayətlərdə iştirakının olub-olmadığı da araşdırılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı