Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.
Bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 6-7-də ümumi çəkisi 3 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 1,2 kiloqram heroin, 1,9 kiloqrama yaxın marixuana götürülərək dövriyyədən çıxarılıb.
Belə ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Yardımlı rayon sakini Rasim Həsənov Zabrat qəsəbəsində saxlanıb, üzərinə baxış keçirilərkən 1 kiloqram 200 qram heroin aşkar edilib.
Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin əməkdaşları Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Şahbazovdan 480 qram, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları isə şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Gülümovdan 480 qram marixuana götürüb.
Salyan RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri də uğurla nəticələnib. Belə ki, saxlanan şəhər sakini Təbriz Rəhmanovun üzərinə baxış keçirilərkən 5,121 qram tiryək, evində aparılan axtarış tədbirləri zamanı isə əlavə olaraq 65,144 qram, qardaşı, əvvəllər məhkum olunmuş Pərviz Rəhmanova məxsus 831 qram mürixuana və dibçəkdə kultivasiya yolu ilə yetişdirilmiş 1 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Saxlanan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Qeyd olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı