Yeni ilin ilk günlərində paytaxtın müxtəlif məkanlarında bomba qoyulması barədə DİN-in “102” Xidmətinə və ərazi polis orqanına iki məlumat daxil olub. Həmin günlərdə gücləndirilmiş iş rejimində xidmət aparan daxili işlər orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bilərəkdən yalan məlumat verən şəxslər “isti izlər”lə müəyyən edilərək məsuliyyətə cəlb olunub.
Daxilin İşlər Nazirliyinin Mətbuat xidmətindən “Baki-Xəbər”ə verilən məlumata görə, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.
Digər hüquq-mühafizə orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilsə də məlumat təsdiqini tapmayıb.
Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanıb.
Yanvarın 3-də isə saat 16.28-də DİN-in «102» Xidmətinə zəng edən naməlum şəxs paytaxtın Nizami rayonu ərazisində yerləşən anbarda bomba olması barədə xəbər verib.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb, anbara baxış keçirilib, bu dəfə də məlumatın yalan olduğu məlum olub.
Görülmüş tədbirlərlə yalan xəbərin 61 yaşlı Bakı şəhər sakini Həsən İsmayılov tərəfindən verildiyi dəqiqləşdirilib. H.İsmayılov Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən saxlanıb.
Hər iki fakt üzrə Cinayət Məcəlləsinin 216-cı maddəsi (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işləri başlanıb, məhkəmələr tərəfindən saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Bakı Şəhər Baş Polis İdarəsi vətəndaşların nəzərinə çatdırır ki, insanlar arasında təşvişə və ajiotaja səbəb olan belə əməllər cinayət məsuliyyəti yaradır və hüquq-mühafizə orqanlarına bilərəkdən yalan məlumatlar verən şəxslər barəsində bundan sonra da qanunvericilikdə nəzərdə tutulmuş qaydada ən ciddi tədbirlər görüləcəkdir.